Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edəcəkmi? - ŞƏRH

Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edəcəkmi? - ŞƏRH Növbəti 4 ildə ABŞ-ın həyata keçirəcəyi siyasətdən həm Avropa dövlətlərində, həm də Rusiyada müəyyən narahatlıq var
Analitika
280
30 Yanvar , 2017 15:30
Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edəcəkmi? - ŞƏRH

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni prezidenti Donald Trampın və onun komandasının bəzi üzvlərinin adı hələ prezident seçkisindən öncə Rusiya ilə müxtəlif əməkdaşlıq və əlaqədə hallanırdı. Moskvada fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, xüsusən də hakimiyyətə bağlı mətbutda isə elə təbliğat aparılırdı ki , sanki ABŞ prezidentini Kreml təyin edir. 

Rusiya rəsmiləri isə Birləşmiş Ştatlarda keçirilən prezident seçkisi ilə bağlı ünvanlarına deyilən neqativ fikir və bəyanatları təkzib etdilər.

Tramp da prezident seçildikdən sonra məsələyə münasibət bildirərək sözügedən siyasi kampaniyaya Rusiyanın təsir etmədiyini söylədi.

Həmin ovqat qaldığından, yaxud təkziblər hələ ictimai rəyə elə ciddi təsir etmədiyindən bir sıra mətbu orqan Tramp administrasiyasının Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırladığı haqqında məlumat yaymışdı.

"Politico" nəşrinin köşə yazarı Syuzen Qlasser "Twitter" hesabında bir neçə mənbəyə istinadən sanksiyaların birtərəfli qaydada götürüləcəyi haqqında məlumat yayıb. Eyni zamanda, "Atlantic Council" (ABŞ) Analitik Mərkəzinin böyük elmi işçisi Fabris Potye də mənbələrə istinadən bu barədə "Twitter" hesabında qeyd edib: "Mənbələr prezidentin Rusiyaya qarşı sanksiyaların qaldırılması üzrə fərmanının hazır olduğunu bildirib" 

Həmin gün Kremlin rəsmi təmsilçisi isə bundan xəbərdar olmadığını söyləmişdi.

Ağ evin mətbuat katibi Şon Spayser məsələ ilə bağlı bunları bildirib: “Barak Obama administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsi və ya müvəqqəti dondurulması barədə hələlik bir qərar qəbul edilməyib. Bu məsələ Rusiya və ABŞ prezidentləri arasında yanvarın 28-də keçirilən telefon söhbəti zamanı da müzakirə olunmayıb”.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı bir sıra məsələləri, o cümlədən Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin beynəlxalq terrorçuluğa qarşı səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Dövlət başçılarının telefon danışığı 45 dəqiqə davam edib. Bu, Trampın dövlət başçısı səlahiyyətlərini icra etməyə başlamasından sonra ABŞ və Rusiya dövlət başçıları arasında ilk telefon danışığıdır.

Ş.Spayser həmçinin qeyd edib ki, Trampın Almaniya kansleri Angela Merkellə telefon danışığı da 45 dəqiqə davam edib.

ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn bildirib: "Prezident Donald Trampın Rusiya əleyhinə sanksiyaları ləğv etməsinə mane olmağa çalışacağam. Sanksiyaların ləğvi uzaqgörən kurs deyil. Əgər o, belə addım atsa, mən öz həmkarlarımla Rusiyaya qarşı sanksiyaların ləğvinə icazə verməmək üçün birgə işləyəcəyəm".

O, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

ABŞ prezidenti Donald Tramp yanvarın 27-də Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar barədə danışmaq hələlik tezdir.

D.Trampın seçkiqabağı hay-küylü və qalmaqallı bəyanatları andiçmədən sonra da beynəlxalq ictimaiyyətdə müəyyən narahatlıq yaradıb. Fransa Prezidenti Fransua Olland Almaniya kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında deyib: “Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır. ABŞ administrasiyasının qarşımıza qoyduğu çağırışlar var. Bu, ticarət qaydalarına, habelə dünyadakı münaqişələrin həlli ilə bağlı mövqeyimizə aiddir. Əlbəttə ki, Trampla dialoq aparmalıyıq, çünki onu amerikalılar seçiblər. Ancaq bunu Avropa dəyərlərini nəzərə almaqla maraqlarımız naminə etməliyik”.

Merkel isə Trampın adını çəkməsə də, dünyadakı şərtlərin tez və dramatik istiqamətdə dəyişdiyini bildirib.

Göründüyü kimi, məsələ yalnız Rusiyaya qarşı sanksiyaların tətbiqinin birdəfəlik, yaxud qismən aradan qaldırılmasında deyil. Ümumiyyətlə, növbəti 4 ildə ABŞ-ın həyata keçirəcəyi siyasətdən həm Avropa dövlətlərində, həm də Rusiyada müəyyən narahatlıq var.

Beləliklə, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları D.Tramp hansı hallarda aradan qaldıra, yaxud qismən də olsa yumşalda bilər:

- Terrorçuluğa qarşı mübarizədə səmərəli fəaliyyət göstərmək üçün;

- Keçmiş SSRİ respublikalarında münaqişələrin həllinə nail olmaq üçün;

- Rusiyada hakimiyyətin dəyişməsi üçün;

- Barəsində Rusiya KİV-in yaydığı təcavüzkar imici dağıtmaq üçün;

- Rusiyanı sakitləşdirmək üçün.

Bəs niyə qaldırmaz, yaxud yumşaltmaz:

- Hakimiyyətdə hüquqi varislik prinsipi gözlənildiyindən;

- Sanksiyaların Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqində baş verənlərə müdaxilə etdikdən sonra tətbiq edildiyindən. Çünki Ukrayna ilə bağlı məsələ ABŞ üçün daha çox əhəmiyyətə malikdir;

- Yaxın Şərqdə Qərbin planlarına İran-Rusiya dueti mane olduğundan;

- Suriya və İraqda ABŞ-ı qane etməyən addımlar atdığından;

- Sanksiyaların ləğvinin Rusiyanın nüfuzunu artıra biləcəyi ehtimalından;

- ABŞ-ın beynəlxalq aləmdəki qüdrətinə ziyan vuracağından.

Beləliklə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları ləğv etməsi, yaxud qismən yumşaltması üçün 5 arqument sadaladıq, əksinə proses üçün isə 6 amil göstərdik. Deməli, birinci ilə bağlı arqumentlər az olduğundan ehtimal etmək olar ki, indiki şəraitdə D.Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edə, yaxud onları yumşalda bilməz. Əks halda, ABŞ-ın ətrafında olan qüvvələr ondan uzaqlaşar. Rusiyanın mövcud vəziyyəti baxımından sanksiyanın ləğvinə hələlik ehtiyac da duyulmur. Bir də ABŞ sanksiyaları ləğv etmir, daha çox onların tətbiqini dondurur.

Son xəbərlər

Orphus sistemi