Azərbaycanlılar pandemiya dövründə necə pul xərcləyir?

Azərbaycanlılar pandemiya dövründə necə pul xərcləyir? "Koronavirus pandemiyası təbii ki, iş adamlarını planlarına dəyişiklik etməyə vadar edir".
Analitika
1 Dekabr , 2020 14:54
Azərbaycanlılar pandemiya dövründə necə pul xərcləyir?

Koronavirus pandemiyası təbii ki, iş adamlarını planlarına dəyişiklik etməyə vadar edir. Hərçənd tətbiq edilən məhdudlaşdırıcı tədbirlər üzündən həm iş adamları, həm də başqalarının güzəranı zəifləsə də, bəzilərinin cibində əlavə pul gəlir. Belə ki, bir sıra sahələrdə məvaciblər mütəmadi olaraq ödənildiyi halda pulu xərcləmək yerləri azalıb.

Bəs koronavirus dövründə azərbaycanlılar “artıq” pullarını necə xərcləyirlər? Bütövlükdə, hazırkı təbəddülatları nəzərə almaqla pulu necə xərcləmək məsləhətdir?

Azərbaycanda özəl sərmayədarları cəlb edə biləcək qiymətli kağızlar bazarı olmadığından dünya fond bazarlarında yaşanan dalğalanmalar bizə təsir etmir. Tarixən bizdə fərdi sərmayənin ən başlıca yeri qızıl və əmlak olub. Sonrakı yerdə son vaxtlaradək bank depoziti qərarlaşmışdı. Lakin dünya miqyasında bank əmanətləri və depozitlərin azalması meyli təəssüf ki, bizdən də yan keçmədi. Mərkəzi Bankın məlumatına görə son 10 ay ərzində sözügedən göstərici 9,3 faiz azalıb. Hərçənd müddətli əmanətlər azalarkən tələb olunanadək yatırılan depozit həcmi əksinə, aybaay artım göstərir.

Bunun səbəbi bəllidir, yəni bir çoxları yoluxma ehtimalına, məhdudiyyətlərin sərtləşməsinə qarşı əl altında müəyyən miqdarda pul saxlamağa çalışır. Digər tərəfdən məhz bu il ölkədə 4 bankın bağlandığını, onların əmanətçilərinin bazara qayıtmağa həvəs göstərmədiyini də unutmamaq gərəkdir. Ekspertlərin rəyincə, hökumət və AMB əhalinin bank sektoruna etimadını artırmaq üçün müvafiq addımlar atsa, vəziyyət düzələ bilər. Eyni zamanda hazırkı koronavirus dövründə risqləri minimuma endirmək üçün pulu yerləşdirməyin köhnə, oturuşmuş növlərinə üstünlük vermək tövsiyə olunur. Hərçənd statistikaya baxsaq, azərbaycanlıların ənənəvi yatırım vasitələrinin də bu gün o qədər arxayın olmadığı üzə çıxır.

Belə ki, ekspertlər daşınmaz əmlak bazarında da hərtərəfli tənəzzül yaşandığı qənaətindədir. Həm koronavirus pandemiyası, həm də ikinci Qarabağ müharibəsi nəticəsində bazar iştirakçılarının bir çoxları gözləmə mövqeyindədir. Üstəlik yay aylarındakı sərt karantin tədbirləri üzündən yaşayış və qeyri-yaşayış sahələrinin alış-verişlə bağlı mürəkkəb əməliyyatlar aparmaq mümkün olmadı.

Lakin nə qədər qəribə də olsa, bütün bunlara baxmayaraq daşınmaz əmlak bazarında qiymətlər 5 faizdən çox artıb və hələ də artır. Halbuki tələbat azalarkən qiymətlər də azalmalıdır. Deməli, bazar potensial sərmayədarların qayıtmasını hələ də gözləyir. Çox güman ki, epidemiya başa çatan kimi onlar dərhal bazara qayıdacaqlar.

Pul yatırmağın ən rahat vasitəsi olan qızıla gəlincə, bu bazar da cari ildə xeyli çalxalanıb. Lakin ölkədə qızıl hasilatının müsbət meylləri, habelə mövcud ənənələr qiymətli metallara marağın səngiməyəcəyini göstərir. Karantin başa çatan, ölkə adi həyata qayıdan kimi qızıl bazarında dirçəlmə başlayacağı şəksizdir.

Beləliklə, hazırda azərbaycanlılar “artıq” pullarını daha çox evdə saxlamağı üstün tuturlar. Sözsüz ki, post pandemiya dövründə iqtisadi siyasət səmərəli qurulsa həmin vəsaitləri dövriyyəyə qaytarmaq düzgün olardı. Bunun üçün işgüzar fəaliyyət, payçı və yə səhmdar sifətilə müxtəlif layihələrdə iştirak etmək üçün əlverişli şərait yaradılmalı, qiymətli kağızlar bazarı inkişaf etdirilməli, yeni sərmayə alətləri tətbiq olunmalıdır.

Hazırkı böhran nə qədər çətin keçsə də, bir gün başa çatacaq. Zamanın nəbzini düzgün tutmaqla pullarını səmərəli yerləşdirməyi bacaran hər kəs üçün onları daha rahat artırmaq imkanları əldə edəcək.

Son xəbərlər

Orphus sistemi