Azərbaycanın 5 maddəlik təklifi - regionda sülhə doğru 5 addım

Azərbaycanın 5 maddəlik təklifi - regionda sülhə doğru 5 addım Bütövlükdə Qafqaz regionunda sabitlik və təhlükəsizlik Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıqdan asılıdır.
Analitika
14 Mart , 2022 13:29
Azərbaycanın 5 maddəlik təklifi - regionda sülhə doğru 5 addım

Bütövlükdə Qafqaz regionunda sabitlik və təhlükəsizlik Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıqdan asılıdır. Cənub Qafqazda münaqişələrin həlli regionun daha güclü olmasına təkan verər. Bununla da qlobal təhlükəsizlik zəncirinin bir hissəsinə çevrilə bilər.

Ermənistanın pozuculuq fəaliyyətinə son verməsi, region dövlətləri ilə dinc yanaşı yaşama prinsiplərinə əsasən davranması mühüm şərtlərdən sayılır. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalayan rəsmi İrəvan sənədin müddəalarına əməl etmir. Bu davranışı ilə regionda sabitliyi təhdid edir. Belə görünür ki, rəsmi İrəvana sponsorları yenə hansısa yalan vədlər veriblər. Bir əsrdən artıq yalanlar və xülyalarla böyüyən nəsilə 44 günlük müharibə gerçəkliyi başa saldı. Dünyadakı və keçmiş sovet məkanındakı mövcud vəziyyətdən Ermənistan hələ də nəticə çıxara bilmir. Ölkənin Baş naziri Nikol Paşinyan Parislə Moskva arasında vurnuxur. Qərbə vədlər verib Rusiyanın ətəyindən yapışır.

Nikol Paşinyan
Nikol Paşinyan

Azərbaycan tərəfi rəsmi İrəvanı düşdüyü qarmaqarışıq, qeyri-müəyyənlikdə xilas etmək üçün ona 5 maddədən ibarət təklif təqdim edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının qarşı tərəfə təqdim etdiyi təkliflərlə bağlı açıqlamasında bildirib: “Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan, yəni 30 illik işğala son qoyulandan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu səhifəni bağlamağa hazır olduğunu bildirmişdi. Belə olan təqdirdə Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə hazırlığını bəyan etmişdi. Bu mesaj Ermənistana təxminən bir il bundan əvvəl verilmişdi. Bir il ərzində bir neçə dəfə bu təklif gündəmə gətirilib”. Ötən bir il ərzində Ermənistan Azərbaycanın təkliflərinə cavab verməyib. Nazirin açıqlamasına əsasən, belə ehtimal etmək olar ki, rəsmi Bakı İrəvana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflər göndərib. Həmin sənəddə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası, Zəngəzur dəhlizinin açılması, 3+3 formatında əməkdaşlıq kimi reallaşması mümkün təkliflərin də olduğunu ehtimal etmək olar. Çünki Azərbaycan noyabrın 10-dan sonra həm beynəlxalq vasitəçi rolunda çıxış etmək istəyən dövlətlərin, təşkilatların nəzərinə bu istiqamətdə təklifləri çatdırır.

Azərbaycan qarşısında əsassız iddialarla çıxış edən, 30 il ərzində keçmiş münaqişənin həllinə yardım etməkdə acizlik göstərən, yaxud yardım etmək istəməyənlər yenə də Ermənistanın başını tumarlayırlar. Bu sığal, tumar isə rəsmi İrəvanın təkliflərə cavab verməməsinə imkan yaradır. Azərbaycanın sülhsevər və əməkdaşlıqla bağlı təkliflərinə Ermənistanın müsbət cavab verməsi perspektivdə ikitərəfli münasibətlərin inkişafına, Cənubi Qafqazda sülh, əmin-amanlığa və firavanlığa təkan verər.

Azərbaycan tərəfi bu addımı ilə xoş niyyətlərini Ermənistan və beynəlxalq ictimaiyyətə açıqlayır. Rəsmi Bakı bununla həm də beynəlxalq hüquqa hörmətini bir daha sərgiləyir. İrəli sürülən təkliflər də dövlətlərarası münasibətlərin normallaşması üçün atılan vacib addımlardan sayıla bilər. Rəsmi İrəvanın 5 təklifə müsbət münasibəti, Azərbaycan və Ermənistan arasında sülh regiona etimada dəstək olar. Bu məsələ Cənub Qafqazda risk amilinin də aradan qalxmasına yardım edər.

Beləliklə, Azərbaycanın Ermənistana 5 maddəlik təklifinin regionda təhlükəsizlik, əməkdaşlıq və sülh üçün atılan 5 addım olaraq dəyərləndirmək olar. Rəsmi İrəvanın bu sənədə cavabı gecikdirməsi ilk növbədə Ermənistanın ziyanınadır. Çünki kapitulyasiya aktını imzalayandan sonra regionda əməkdaşlıq istiqamətində heç bir cəhd göstərməyib. Bu, istiqamətdə durğunluq, Moskva ilə Paris arasında çabalamaq İrəvanı böhrana sürükləyər. Belə vəziyyət isə ölkədəki siyasi təşəbbüsün başqa qüvvələrin əlinə keçməsinə şərait yaradır. Bu baxımdan Ermənistan hökuməti 5 maddəlik təklifi tez cavablandırmaqla qarşıda onu gözləyən xoşagəlməz hadisənin qarşısını ala bilər. Odur ki, “5 təklif - 5 addım” Nikol Paşinyanın passivləşən “addımı"nın hərəkətverici qüvvəsi olar.

Son xəbərlər

Orphus sistemi