Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da avtomobil kirayəsi biznesi geniş yayılıb. Bu da təbiidir. Çünki xeyli sayda ölkə vətəndaşı, eləcə də xarici turistlər müxtəlif şəhər və rayonlarımıza, hətta ucqar kəndlərə rahat səfər etmək, ürəyi istəyən kimi gəzmək üçün kirayəyə avtomobil götürür. Yəni bu xidmətə tələbat var və getdikcə artır. Odur ki, ölkədə avtomobil kirayəsi şirkətlərinin də sayı artmaqdadır. Bununla belə, onların heç də hamısından müştərilər razı deyil. Yəni bu sahədə də problemlər mövcuddur.
“Report” bu sahənin nə dərəcədə sərfəli olmasını, yerli turizm potensialının artırılmasındakı rolunu araşdırıb.
Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyir ki, Azərbaycanda bu xidmətin səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır: "Dünya təcrübəsinə nəzər salsaq, məsələn, ABŞ-a gələn xarici vətəndaş hətta hava limanında avtomobili kirayəyə götürə, ölkəsinə qayıtdıqda isə onu elə orada geri təhvil verə bilər. Bizdə aeroportda avtomobil kirayəsi xidməti göstərən yoxdur.
Bundan başqa, hazırda dünyada avtomobil kirayəsinin geniş tətbiq olunan növlərindən biri də “car sharing”dir. Bu sistemə əsasən, şəhərin müxtəlif bölgələrində müvəqqəti istifadə üçün avtomobillər park olunur. İnsanlar mobil tətbiq vasitəsilə həmin avtomobili taparaq qısamüddətli kirayəyə götürür, sonra isə gedəcəkləri ünvanda park edirlər. Bu avtomobillər, adətən, yüksək innovasiyalı avtomobillər olur. Gələcəkdə dünya ölkələrində bu sahədə avtonom maşınların istifadəsi nəzərdə tutulur.
Həmçinin ABŞ-da və Avropa ölkələrində avtomobil kirayəsi ilə məşğul olan şirkətlərin həm ölkə daxilində, həm də xaricdə ofisləri fəaliyyət göstərir. Məsələn, Parisdə (Fransa) kirayə etdiyin avtomobili Amsterdamda (Niderland) təhvil verə bilərsən”.
Onun sözlərinə görə, Azərbaycandakı şirkətlər, əsasən, 2 cür xidmət göstərir: "Bunlardan biri sırf toy və yaxud hansısa digər tədbirlərin keçirilməsi məqsədilə avtomobillərin kirayə edilməsidir. Bu zaman, əsasən, "biznes klass" avtomobillər kirayə edilir. İkinci istiqamət isə ölkəyə gələn xarici vətəndaşların burada avtomobil kirayələməsidir.
""Rent a car" biznesi kiçik ölkələrdə bir o qədər yaxşı işləmir".
Hüseyn AbdullayevNəqliyyat üzrə ekspert Hüseyn Abdullayev
Hələ ki, ölkəmizdə bu sahəyə böyük tələbat olmadığını düşünürəm. Bizdə avtomobil kirayəsi bazarı tam formalaşmayıb. “Rent a car” spesifik bir biznes növü olduğu üçün kiçik ölkələrdə bir o qədər yaxşı işləmir. Bunun bir səbəbi həmin ölkələrdə taksi xidmətinin xeyli ucuz olmasıdır. Elə ölkəmizdə də taksilərin qiymət kifayət qədər ucuz olduğu üçün əhali avtomobil kirayələməyə üstünlük vermir. Azərbaycanda avtomobil kirayələməyə verdiyiniz pulu hər hansı bir taksi sürücüsünə versəz sizi istədiyiniz yerə aparar. Digər tərəfdən, bizdə “Rent a car” şirkətləri tərəfindən adətən biznes klass və daha yuxarı səviyyəli avtomobillər kirayəyə verilir. ABŞ və yaxud Avropa ölkələrində olduğu kimi büdcə avtomobili tapmaq çətindir. Bu səbəbdən də “Rent a car” xidmətindən istifadə etmək hər kəs üçün əlçatan deyil. Bu sahədə çatışmayan başqa bir cəhətimiz isə “rent a car” şirkətlərinin müxtəlf şəhərlərdə ofislərinin olmamasıdır.
“Rent a car” biznesinin Azərbaycanda inkişafını məhdudlaşdıran amillərdən biri də yol vərəqəsi və ya etibarnamə amilidir. Etibarnamə “car sharing”in inkişafına birbaşa maneə olan məsələdir. Bir çox dövlətlərdə etibarnamə məvhumu yoxdur. Hətta qonşu ölkələrdə belə etibarnamə verilməsi tətbiq edilmir. Avtomobil sahibi öz avtomobilini kimə istəsə verə bilir. Əgər şəxs avtomobilinin oğurlanması ilə bağlı polisə müraciət etməyibsə, deməli onu özü başqa bir şəxsə etibar edib".
Ekspert “rent a car” biznesinin turizm sektorunun inkişafı ilə birbaşa bağlılığı məsələsinə də diqqət çəkib: “Biz turizm sektorunun inkişafını elə bir həddə yüksəltməliyik ki, “rent a car” biznesinə tələbat da artsın. Digər tərəfdən sığorta sistemini də avtomatlaşdırmalıyıq ki, sözügedən biznesin inkişafı ləngiməsin”.
Azərbaycanda kirayəyə götürülən avtomobillərdə yerli və xarici vətəndaşların payı demək olar ki, eynidir (yəni 50/50-yədir). Kirayə edilən avtomobillə gedilən yerlərin siyahısında isə Qəbələ, Şəki, Oğuz , Quba, Qax rayonları - yəni turistik bölgələr xüsusi qeyd olunub. Kirayə edilən maşınlar arasında ekonom avtomobillər və “cip”lər üstünlük təşkil edir. Səbəb kimi dağ zonalarına istirahətə gedənlər üçün digər avtomobillərin sərfəli olmadığı göstərilib. Eyni zamanda ailəvi istirahətə gedən turistlər lyuks avtomobilləri də kirayə edirb. Daha çox qrup halında səyahətlər üçün nəzərdə tutulan "Mercedes Benz Sprinter" avtomobillərini isə adətən sürücü ilə birlikdə kirayə edirlər.
Turizm üzrə ekspert Aqil Ağalarov deyir ki, Azərbaycanda avtomobil kirayələmək başqa ölkələrlə müqayisədə ucuz başa gəlir: “Azərbaycanda turizm şirkətləri əsasən müxtəlif avtobusları kirayəyə götürməyə üstünlük verirlər. Bu səbəblə də turizm şirkətləri nəqliyyat firmaları ilə əməkdaşlıq edirlər. Təəssüf ki, bu firmaların təklif etdiyi qiymətlər yüksək olur. Eyni zamanda “rent a car” şirkətləri ilə də işləyənlər az deyil. “Rent a car”larla işləyənlərin əksəriyyəti xarici turizm sahəsində fəaliyyət göstərən şirkətlərdir. Bəzi tuirzm şirkətlərinin isə özlərinin az sayda avtomobilləri olur".
Onun sözlərinə görə, ölkəmizdə “rent a car” şirkətlərinin səviyyəsi getdikcə yüksəlməkdədir: "Bizdəki “rent a car” qiymətləri də qonşu dövlətlərlə müqayisədə xeyli münasibdir. Məsələn, Qubaya getmək üçün bir günlük “Vito” avtomobilinin qiyməti 200-250 manat arasında dəyişir.
"Ərəb ölkələrindən gələnlər lyuks avtomobillərə üstünlük verirlər".
Aqil AğalarovTurizm üzrə ekspert
Ölkəyə gələn turistlərə turizm şirkətləri tərəfindən kirayəyə avtomobil və ya avtobus götürmək təklif edilir. Əgər təklif qəbul edilərsə turizm şirkətləri qrup şəklində gələn turistlər üçün trasnport firmalarından avtobus kirayə edir. Ailəvi gələn turistlər üçün isə “rent a car” şirkətlərindən müxtəlif avtomobillər götürülür. Bu zaman adətən 5-8 nəfərlik “Mercedes Benz Vito” avtomobillərini kirayələməyə üstünlük verirlər. Əksər hallarda bu avtomobillər sürücü ilə birlikdə kirayələnir. Çox az hallarda olur ki, sürücüsüz avtomobillər sifariş edilsin. Turistlərin əksəriyyəti isə özləri birbaşa “rent a car” şirkətlərinə müraciət edirlər. Ümumiyyətlə “Rent a car” şirkətlərinə müraciət edən turistlərin çoxu İraq, Səudiyyə Ərəbistanı, İngiltərə və Rusiyadan gələn turistlərdir. Ərəb ölkələrindən gələn turistlər əsasən lyuks avtomobillərə, Avropa ölkələrindən gələnlər isə ekonom maşınlara üstünlük verirlər”.
Turizm üzrə digər bir ekspert Valeh Cəfərov da bizdə “rent a car” qiymətlərinin digər ölkələrdən daha münasib olduğunu qeyd edib: "Avtomobil kirayəsi ilə bağlı müraciət edənlərin arasında ərəb ölkələrindən və Avropadan gələn turistlər üstünlük təşkil edir. Regionlara səfər etmək üçün avtomobillər əsasən sürücü ilə birlikdə kirayəyə götürülür.
"Lyuks avtomobillər adətən sürücü ilə birlikdə, ekonom avtomobillər isə sürücüsüz sifariş edilir".
Valeh CəfərovTurizm üzrə ekspert Valeh Cəfərov
Bəzən də turislər paytaxtda gündəlik sürmək üçün fərdi şəkildə avtomobil kirayə edirlər. Bunlar çox zaman “Toyota”, “Hundai” avtomobilləri olur. Lyuks avtomobillər adətən sürücü ilə birlikdə, ekonom avtomobillər isə sürücüsüz sifariş edilir. Bir də ov məqsədilə gələn turislər olur ki, onlar “cip”lərə üstünlük verirlər. Turislər həm özləri, həm də turizm şirkətləri vasitəsilə “rent a car”lara müraciət edirlər. Lakin birbaşa turistlərin özləri tərəfindən edilən müraciətlər daha çox müşahidə olunur".