Azərbaycan diasporu terrorçu ASALA ilə üz-üzə - ŞƏRH

Azərbaycan diasporu terrorçu ASALA ilə üz-üzə - ŞƏRH Soydaşlarımızın keçirdiyi aksiyalara ermənilər hücum çəkir, onlara fizik güc tətbiqi edirlər
Analitika
2280
24 İyul , 2020 16:23
 Azərbaycan diasporu terrorçu ASALA ilə üz-üzə - ŞƏRH

Azərbaycan diasporunun yaşı təxminən 100 ildir. Bu illər ərzində onun formalaşmasında çox ciddi problemlər olub. SSRİ-nin yaranması ilə diasporda nəsil dəyişməsi prosesi dayanıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun tərkibi yenilənib, gəncləşib, hədəfləri aydınlaşıb.

Hazırda Azərbaycan diasporunun başlıca hədəfləri Qarabağ həqiqətlərini, Ermənistanın işğalçı olduğunu yaşadıqları ölkənin cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırmaq, habelə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini təbliğ etməkdən ibarətdir.

Diaspor həm də Azərbaycanın mədəniyyətinin, milli adət-ənənələrinin, problemlərinin daşıyıcısıdır.

İyulun 12-də Azərbaycanın dövlət sərhədində Ermənistanın törətdiyi təxribatdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar həmin hadisəyə etiraz olaraq aksiyalar keçirməyə başladı.

Ermənilər də Ermənistan hakimiyyətinin işğalçılığını və təxribatçı olduğunu ört-basdır etməkdən ötrü Azərbaycana qarşı çıxışlar etdilər. Erməni vandallarının ölkəmizin diplomatik missiyalarının binası önündə aksiyalarının qarşısı soydaşlarımız tərəfindən bir qayda olaraq alınıb. Azərbaycanlıların keçirdiyi mitinq və piketlərə ermənilər hücum çəkir, onlara fiziki güc tətbiq edirlər.

Əvvəllər belə hadisələr, demək olar ki, çox nadir hallarda baş verirdi. Son günlər dava-dalaşın sayı artıb. Tanıyanlar ermənilərin dava-dalaşa nə vaxt meyilləndiyini yaxşı bilir. Onlar sayları çox olanda, arxalarında güc hiss etdikdə, polis, təhlükəsizlik orqanlarından dəstək alanda dava-dalaş arxayın başlayırlar.

Azərbaycan diasporuna hücumlar olan ölkə və şəhərlərə diqqət etsək, bunu aydın görmək olar. Erməni diasporunun vəhşiliklərinə olayların gerçəkləşdiyi ölkələrin hüquq-mühafizə orqanları və asayiş keşikçiləri niyə göz yumur? Həmin ölkələr həm də ATƏT-in Minsk qrupunun həmsədrləri, yaxud Minsk Qrupunun üzvləridir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların azad edilməsinə həmin ölkələrin münasibəti necədirsə, erməni diasporunu da elə himayə edirlər.

Dinc və razılaşdırılmış aksiya keçirən soydaşlarımıza qarşı hücumlarda erməni terror təşkilatlarının dəst-xətti açıq-aydın görünür. Ermənilərin ASALA terror təşkilatının ən fəal olduğu yerlər ABŞ və Avropa ölkələridir. Onların hədəfi Türkiyə, türk diplomatlar, iş adamları idi. Bu cinayətkar qruplaşma onlarla türk diplomatı və iş adamını qətlə yetirib. 1988-ci ildə bu terrorçu dəstə fəaliyyətini dayandırdığını elan etsə də, başqa qiyafədə bu gün cinayət əməlləri törədir.

ASALA-nın, daşnakların törəmələri, davamçıları hazırda Azərbaycan diasporuna qarşı vandalizm aktları törədir, hücumlar təşkil edirlər. Onların ABŞ, Belçika, Fransa və başqa ölkələrdə azərbaycanlılara qarşı törətdiyi cinayətlər ASALA-nın taktikası ilə eynidir. 

Odur ki ABŞ, Rusiya, Avropa İttifaqına üzv ölkələr erməni diasporu ilə özünü buraxdığını elan edən ASALA arasında əlaqəyə də diqqət yetirməlidirlər, buna ciddi ehtiyac yaranıb. Çünki ASALA mövcud olduğu ölkələrin siyasi rəhbərliyinin xeyir-duası ilə fəaliyyət göstərirdi. Həmin dövlətlər bu terrorçu qruplaşma vasitəsilə Türkiyəyə təzyiqlər edir, onu zəiflətməyə, özlərindən asılı vəziyyətə salmağa çalışırdı. Yəni adlarını çəkməyə ehtiyac duymadığımız, Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı həmin ölkələrin təhlükəsizlik qurumları erməni diasporundan Azərbaycana qarşı təzyiq vasitəsi olaraq istifadə edir. Onlar bir sıra hallarda bu kimi qarşıdurmanın yaranmasında maraqlı görünürlər.

Azərbaycan diasporunu erməni terrorundan qorumaq üçün, ilk növbədə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diasporla İş üzrə Komitəsinin birgə fəaliyyət göstərməsi zəruridir. ABŞ, Fransa, Rusiya və Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinə məsələnin ciddi və təhlükəli olduğunun çatdırılması vacibdir. Azərbaycanın səfirliklərinin həmin ölkələr və ittifaqa üzv dövlətlərin uyğun qurumları ilə daha sıx işləməsi zərurəti yaranıb.

Qeyd edək ki, iyunda Fransanın Dijon şəhərində çeçen mühacirlərlə ərəblər arasında kütləvi qarşıdurma baş vermişdi. Onda Fransanın daxili işlər naziri Kristof Kastaner bildirmişdi ki, Dijonda ictimai asayişin pozulması, qorxu mühitinin yaradılması yolverilməzdir və bu hadisələrə qarşı sərt tədbirlər görülməsinı ehtiyac var.

İlkin araşdırmalara əsasən, Çeçenistan əsilli gəncin ərəblər tərəfindən döyülməsindən sonra qarşı tərəf qisas almaq qərarına gəlib. Hadisələr bundan sonra güclənib.

Ermənilərlə Azərbaycan diasporu arasında vəziyyətin o həddə çatmaması üçün müvafiq yerli qurumların diaspor nümayəndələri ilə görüşməsinə də ehtiyac yaranıb. Bu görüş və müzakirələr Azərbaycan diasporunun dinc tədbirlər keçirməsinin qarşısını almamalıdır.

Beləliklə, bu gün Azərbaycan diasporu ASALA tərbiyəsi alan, güclü havadarı və himayədarı olan erməni terrorçuları üz-üzə qalıb.