Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür.
Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd olunmalıdır.
Eyni zamanda, Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Onların Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Bu baxımdan Albaniya Prezidentinin və Baş nazirinin, Serbiya Prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində təşkil edilən tədbirlərdə iştirak etmək üçün Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etmələri, dövlətimizin başçısı ilə görüşlər keçirmələri xüsusi məna kəsb edir.
Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.
AZƏRTAC Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinə bir daha qısa nəzər salıb.
İlk növbədə, qeyd edək ki, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin dəvəti ilə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiya şəhərinə işgüzar səfəri başlayıb. Bu səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca 5-ci səfəridir (Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə üç dəfə rəsmi (2005-ci, 2015-ci və 2022-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu) səfər edib. Dövlətimizin başçısının Bolqarıstana sonuncu səfəri ötən il 30 sentyabr-1 oktyabr tarixlərində reallaşıb. Həmin rəsmi səfər çərçivəsində, həmçinin Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi mərasimi keçirilib və Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Prezidentinin Sofiyaya bugünkü işgüzar səfəri zamanı Azərbaycan və Bolqarıstan dövlət başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı baş tutacaq. Dövlət başçıları, həmçinin təkbətək görüş keçirəcəklər.
Qeyd edək ki, SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ” və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Bolqarıstan tərəfindən təklif olunub. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Azərbaycan və Bolqarıstan dövlət başçılarının, həmçinin iki ölkənin rəsmilərinin iştirakı ilə SOCAR-ın Bolqarıstanda ofisinin açılış mərasimində isə Prezidentlərin qısa çıxışları nəzərdə tutulur.
Xatırladaq ki, Bolqarıstan Prezidenti Rumen Radev indiyədək ölkəmizə iki dəfə (1 rəsmi (2017-ci il 12-14 oktyabr) və 1 işgüzar (2023-cü il 10-11 mart) səfər edib.
Bu il martın 11-də X Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumen Radev Azərbaycan Prezidenti ilə görüşdə bildirib: “Sizin (Prezident İlham Əliyev – red.) Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjidən başlayaq. Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz Sizə məlumdur. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq”. Bolqarıstan Prezidenti, həmçinin qeyd edib ki, onlar şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Prezident İlham Əliyevlə işləməkdən məmnundurlar.
“Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq”, - deyə o qeyd edib.
Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixinə qısa nəzər: İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb..
Xatırladaq ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. İki dövlət arasında əlaqələrə müsbət təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib. Sonralar isə ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. İndiyədək iki ölkə arasında 65 sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə qalxıb.
Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq mmiqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib.
Bir daha xatırladaq ki, Bolqarıstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə iki ölkə nümayəndələrinin səfərləri intensiv xarakter alıb.
İqtisadi əlaqələr: 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub - iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları, ikitərəfli ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə təşkil edib.
Enerji sahəsində əməkdaşlıq ölkələrimizin iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın Şahdəniz yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adratik boru kəməri (TAP) və 2022-ci il oktyabrın 1-də istifadəyə verilmiş Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılacaq.
Mədəni-humanitar münasibətlər: Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq da xüsusi vurğulannmalıdır. Balkan regionunda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu muzey qoruğunun açılış mərasimində iştirak ediblər.
Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib.
Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb.
Xatırlatmaq yerinə düşər ki, Qabrovo ilə Şəki, Varna ilə Gəncə, Burqas ilə Sumqayıt və Veliko Tırnovo ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətləri qurulub.
Sıx ikitərəfli əlaqələrin daha bir nümunəsi isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Bakı” küçəsinin olmasıdır. Küçənin açılışı 2005-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı baş tutub.
Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycanla Bolqarıstan arasında informasiya sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, 2004-cü il oktyabrın 7-də Bakı şəhərində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Bolqarıstanın Xəbər Agentliyi (BTA) arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir və xəbər mübadiləsi həyata keçirirlər.
Yuxarıda sadalanan faktlar və rəqəmlər onu deməyə əsas verir ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir.