Bakı. 12 yanvar. REPORT.AZ/ Bir həftədən sonra ABŞ-ın yeni prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlayacaq. Ötən gün Birləşmiş Ştatların yeni prezidenti dekabrda keçirməyi planlaşdırdığı, ancaq baş tutmayan mətbuat konfransını keçirib və bir sıra bəyanatlar verib.
Hətta hakimiyyət ömrünün bitməsinə təxminən bir həftə qalan Barak Obama və dövlət katibi Con Kerri də son günlər etdiyi maraqlı çıxışları ilə yadda qalıblar. Həmin bəyanat və çıxışları Donald Trampın timsalında yeni hakimiyyət, Barak Obamanın simasında isə müxalifət mövqeyi kimi də dəyərləndirmək olar. Bundan başqa, Obama adminstrasiyasının bəzi uğursuzluqları da bu bəyanatlarda vurğulanıb.
Hər iki tərəfin - Donald Trampın simasında iqtidarın və Barak Obamanın timsalında müxalifət təmsilçilərinin çıxışlarından bir sıra məsələləri diqqətinizə çatdırmaq istərdik.
Donald Tramp, Vladimir Putin
Ağ evin yeni yiyəsi andiçməsinin qeyri-adi keçməsini istəyir. Yayılan xəbərlərdə təxmin edilir ki, Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək. O, andiçmə mərasimində ulduzları, məşhurları yox, sadə insanları görmək istədiyini yazıb: "Məşhurlar, ulduzlar andiçmə mərasiminə bilet istəyirlər. Amma baxın, görün, onlar Hillari Klinton üçün nə ediblər? Heç nə! Mən sadə insanları görmək istəyirəm".
O, biznesdən getdiyni, bu sahəyə nəzarəti kiçik Donald və Erikə həvalə etdiyini bildirib. Donald bunu maraqların toqquşmasından yayınmaq üçün etdiyini deyib.
Tramp daha çox Rusiya ilə ehtimal edilən münasibət quracağına görə tənqidə məruz qalır. Ötən gün ABŞ-ın yeni prezidenti güman edib ki, Moskva Vaşinqtona İŞİD terror qruplaşması ilə mübarizədə kömək edə bilər.
Bundan əlavə, Tramp Obama administrasiyasının qismən günahı ucbatından İŞİD-in yarandığını da bildirib.
Donald Tramp
Donald Tramp Rusiyada olarkən onun bu ölkədə gizli video kasetinin çəkildiyi və həmin kompromatın Moskvanın əlində olduğu barədə xəbər yayılıb. Kremlin bu kaset vasitəsilə Trampa təzyiq edə biləcəyi ehtimal edilir. Kreml təmsilçiləri isə bunu təkzib ediblər.
Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə “Twitter” səhifəsində bunları yazıb: “Rusiya heç vaxt mənə təzyiq göstərməyə çalışmayıb. Rusiya ilə ən kiçik münasibətim belə yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!”
D.Tramp bundan əvvəlki “tvit”ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını da vurğulayıb. Ancaq ABŞ kəşfiyyatının Rusiyanın haker hücumlarında iştirakına dair fikri ilə razılaşıb: "Mən hesab edirəm ki, bunun arxasında Rusiya dayanırdı".
Donald Tramp, Reks Tillerson
Bütün bunlara baxmayaraq, Tramp izlənsə belə Rusiyaya getməkdən qorxmadığını bildirib: "Mən önəmli insanam. Çox ehtiyatlıyam. Hara gedirəmsə gedim, mühafizəçilərin, insanların əhatəsindəyəm. Hara getməyinizdən asılı olmayaraq, siz kameralarla əhatə olunmusunuz – mən təkcə Rusiyadan danışmıram, hər yerdə belədir".
Tramp artıq Moskva şəhəri və ətrafı bölgələrində olmasından da danışıb. Ancaq mikroblardan qorxduğunu qeyd etməyi də unutmayıb.
Bununla belə, ötən gün ABŞ milli kəşfiyyatının başçısı Ceyms Klepper sözügedən kompromata dair Trampla söhbət etdiyini bildirib.
Donald Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Obamanın qərarı ilə qüvvəyə minən fərmanların təxminən 70 faizini ləğv etmək niyyətində olduğunu da bir müddət əvvəl açıqlamışdı.
O, ölkəsinin xarici siyasətinin yeni istiqamətə ehtiyac duyduğunu söyləyib: "Biz xarici dövlətləri deyil, öz ölkəmizi dəyişdirəcəyik. Uzun zamandır əvəllər çoxlarınızın da adını belə eşitmədiyiniz bir ölkədən digər ölkəyə zorla daxil olurduq. Bu ağılsızlıqdır və buna son qoyulacaq! Tramp administrasiyası ilk növbədə ABŞ-ın milli maraqlarını qoruyacaq".
Bununla ABŞ-ın yeni prezidenti Barak Obamanın yürütdüyü xarici siyasət kursunu tənqid edib.
Ştatların dövlət katibi postuna namizəd Reks Tillerson ölkəsinin xüsusi xidmət orqanlarının məxfi məlumatların öyrənilməsi üzrə təhqiqatının yekununda Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə dair təkzibedilməz sübutlar əldə olunarsa, o zaman buna sanksiyalarla müqayisədə daha səmərəli cavab verilə bilər: "Məxfi olmayan hissədə gördüklərim narahatlıq doğurur. Əlavə məlumat Rusiyanın seçkilərdə iştirak səviyyəsini göstərərsə, buna cavab vermək lazımdır".
Donald Tramp, Hillari Klinton
O, prezident Obama hakimiyyətini də Krımın Rusiya tərəfində ilhaqında tutduğu mövqeyə görə tənqid edib: Rusiyanın Krıma qarşı hərəkətləri zorakılıq idi və cavabında mütənasib olaraq güc tətbiqi tələb edirdi".
O, həmçinin iqtisadi sanksiyaları "güclü alət" hesab etdiyini təsdiqləyib. Namizəd bu kontekstdə sabiq ABŞ prezidenti Teodor Ruzveltin "diplomatik iş aparmaqla yanaşı, əldə "böyük dəyənək daşımağ"ın zəruriliyinə dair fikirlərini xatırladıb.
İranın atom-nüvə proqramı ilə bağlı qəbul edilən razlaşmanı Barak Obama hakimiyyəti uğur sayır.
Dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə İranla bağlı da fikirlərini açıqlayıb: “İranın mümkün təhdidlərinin qarşısı diplomatik üsullarla alınacaq. Bu, həm nüvə, həm də terror təşkilatlarına dəstək məsələsinə aiddir. İran tərəfindən gələn təhdidlərin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyik. Söhbət yalnız İranın nüvə proqramından deyil, dünya üzrə terror təşkilatlarına dəstəkdən də gedir. Rejimlərin devrilməsinə yox, onların davranışının dəyişilməsinə çalışmaq lazımdır”.
Barak Obama hakimiyyəti Rusiyanın Krımı ilhaqının, Gürcüstanda Abxaziya və Cənubi Osetiyada “müstəqil respublikalar” yaratmasının qarşısını ala bilməməsi, vasitəçilik etdiyi başqa münaqişəli məsələlərin həllinə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsinə yardım edə bilməməsinə, habelə Suriya və İraq istiqamətlərində uğursuzluqlara görə ciddi tənqid ediləcək.
Con Kerri
Bu tənqidlərdən yayınmaq üçün artıq bəzi cəhdlər də var. Con Kerri deyib ki, “qırmızı xətt” keçildiyindən Bəşşar Əsədin mövqelərinə zərbələr endirilməlidir: "Obamanın Suriyaya müdaxilə planı İngiltərəyə görə pozuldu. Prezident Barak Obama bildirmişdi ki, əgər Bəşşar Əsəd rejimi kimyəvi silahdan istifadə edərsə, o zaman ABŞ Suriyaya müdaxilə edəcək. O, kimyəvi silahın "qırmızı xətt" olduğunu söyləmişdi. Ancaq 2013-cü ildə Bəşşar Əsədin Dəməşq yaxınlığında zarin qazından istifadə etdiyi məlum olmuşdu. Buna baxmayaraq, ABŞ müdaxilə etmədi və "qırmızı xətt"in keçilməsinə icazə verdi. Bunun məsuliyyətini isə Britaniyanın o vaxtkı baş naziri Devid Kemeron daşıyır. Çünki "qırmızı xətt" keçildiyindən Bəşşar Əsədin mövqelərinə zərbələr endirilməli idi. Ancaq Kemeron bununla bağlı məsələni Britaniya parlamentinin gündəliyinə çıxartdı. Parlamentin qəbul etdiyi qərar əsasında hava zərbələri endirilməsinin qarşısı alındı”.
Barak Obama vida nitqində Rusiya və Çini ölkəsinin əsas rəqibləri adlandırıb. O, bununla belə qeyd edib ki, Moskva və Pekinin beynəlxalq arenadakı təsiri ABŞ-ın dünyadakı nüfuzu ilə müqayisə edilə bilməz.
O, həmçinin demokratik dəyərlərin ABŞ-da və dünyada zəifləməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib: "Demokratiya dəyərlərinin zəifləməsi dünyada vətəndaş və beynəlxalq müharibələrin yaranmasına gətirib çıxara bilər".
Hər iki tərəfin - gələcək iqtidar və ana müxalifət düşərgəsi təmsilçilərinin söylədiklərindən göründüyü kimi, ABŞ-ın müttəfiqləri və rəqibləri azından daha 4 il dəyişməyəcək. Bu qarşılıqlı ittihamlar, hətta Donald Trampın qələbəsinə demokratların şübhəli yanaşması sübut etdi ki, qeyri-demokratik quruluşlarda olduğu kimi, rəqiblər bir-birini müxtəlif iddialarla tənqid edirlər. Trampa qarşı irəli sürülən bir sıra iradları həm də onun komandasına edilən xəbərdarlıq, yaxud “kursu dəyişmək olmaz” göstərişi kimi də dəyərləndirmək olar. Çünki ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə, yaxud qalib gəlmiş namizədin rəqibyönlü dövlətin “adamı olması” kimi ittihamlar inandırıcı görünmür. Belə bir vəzifəyə seçkiyə məsuliyyətisiz yanaşmaq bu dövlətə etibarı azalda bilər. Axı ABŞ prezidentinin əlində dünyanın taleyini həll edə biləcək düymə var.