Yuxarı

ADNA terroruna cavab - Azərbaycan cəmiyyətinin birliyi - ŞƏRH

ADNA terroruna cavab - Azərbaycan cəmiyyətinin birliyi - ŞƏRH
Azərbaycanın dostu və düşməninin dəyişmədiyi bu hadisə ilə təkrar təsdiqləndi

Azərbaycan müstəqilliyini qazandıqdan sonra dostları və düşmənləri daha aydın göründü. On il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsi də düşmən əməli idi. Belə ki, 2009-cu il aprelin 30-da törədilən terror aktı nəticəsində 12 nəfər ölmüş, 3-ü xarici ölkə vətəndaşı olmaqla, 13 nəfər də yaralanmışdı. Fərda Qədirov adlı birinin bu terroru törətdiyi məlum olub. Cinayətdə erməni etnik qrupunun təmsilçisi Mardun Qumaşyanın da iştirak etdiyi bildirilir. Bu, adi məişət hadisəsi deyil. Odur ki, hadisəni siyasi, iqtisadi və sosial baxımdan dəyərləndirməyə ehtiyac var.

Əslində, bu terror Ermənistanın Azərbaycana qarşı müharibəsinin davamı da sayıla bilər. Terrorçunu erməni xüsusi xidmət orqanlarının təlimatlandırıması bunu bir daha təsdiqləyir. Hər halda ali təhsil müəssisəsinə hücum 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində baş vermiş terror aktlarının davamı da sayıla bilər. Həmin partlayışlarda, ümumilikdə, 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdı. Odur ki, Azərbaycanı müstəqilliyindən bu kimi terrorlarla əl çəkməyə məcbur etmək istəyirdilər. Məhz tarix də təsdiqləyib ki, belə məsələlərdə, ilk növbədə, erməni etnik qrupunun nümayəndələri və onların torlarına düşənlərdən istifadə olunur.

Düşmən də bu ali məktəbi seçməklə Azərbaycan gəncliyini hədəf alıb. Terrorla gənclikdə öz dövlətinə inamsızlıq yaratmağa cəhd göstərilib. Bununla da ölkədə xaos yaratmağa çalışıblar. Gəncliyi öz dövlətinin müstəqilliyinə qarşı çıxış etməyə, hərbi xidmətdən yayındırmağa səy göstərilib. Ancaq 2010-cu iyunun 18-də gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək işğalçı Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv etdi. Bu, Azərbaycan gəncliyinin öz dövlətinə, müstəqilliyinə və ölkəsinin ərazi bütövlüyünə sadiqliyinin göstəricisi idi. O sübut etdi ki, Azərbaycan gəncliyini öz dövlətinə sədaqətli qalmaqdan heç bir qüvvə çəkindirə bilməz.

Yeri gəlmişkən, ali təhsil müəssisəsində törədilən qanlı hadisədən sonra Azərbaycanın dövlət orqanları aniterror tədbirlərini daha da gücləndirib. Ölkə ictimaiyyəti ərazi bütövlüyü tələbini bütün toplantı və yığıncaqlarda, istənilən tədbirlərdə bəyan edir. Azərbaycan Ordusu Qarabağın işğaldan hərb yolu ilə azad edilməsinə hazır olduğunu 2016-cı ilin aprel döyüşlərində dostlara da, düşmənlərə də sübut edib. Qarabağın işğaldan azad edilməsi Azərbaycan cəmiyyətinin bütövlükdə birmənalı mövqeyidir.

Bu arada terror aktını planlaşdıranların hədəflərindən biri ölkə iqtisadiyyatı idi. Onlar hesab edirdilər ki, bu yolla Azərbaycanı sabit olmayan dövlət kimi sərmayədarlara təqdim edə biləcəklər və həmin aksiyadan sonra ölkə iqtisadiyyatına qoyulacaq investisiyanın həcmi azalacaq. Ancaq onların gözləntilərinin əksi baş verdi. 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdi. Eləcə də "Standard and Poor’s" Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti "Stabil"dən "Pozitiv"ə yüksəldilmişdi.

Halbuki 2009-cu ildə Ermənistanda ümumi daxili məhsul 17 faizədək azalmışdı. Bu ölkənin milli valyutası 21 faiz devalvasiya etmiş, Ermənistana pul köçürmələri 34 faiz azalmışdı. Bu ölkəni idarə edənlər və onun işğalçı siyasətini dəstəkləyən dostları hesab edirdilər ki, ADNA terroru ilə Ermənistanı Azərbaycandan daha sabit ölkə kimi dünya ictimaiyyətinə sırıya biləcəklər. 2010-cu ilin yanvar-avqust aylarında Ermənistanda iqtisadi xarakterli 674 cinayət hadisəsi qeydə alınmışdı. Bu, 2009-cu illə müqayisədə 14 faiz çox idi. Hesabat dövründə ölkə üzrə 10 279 cinayət hadisəsi qeydə alınmışdı ki, bu da bir il əvvəllə müqayisədə 9,1 faiz çox olmuşdu.

Beləliklə, nə işğal, nə terror aktları Azərbaycan əhalisinin, cəmiyyətinin dövlət müstəqilliyini, iqtisadiyyatını, ordu quruculuğunu, sosial, mədəni sahələri inkişaf etdirməsinə, gənclərin hərbi vətənpərvərlik hazırlığını gücləndirməsinə mane ola bilmədi. Həmin hadisədən sonra Azərbaycan bir sıra beynəlxaq tədbirlərə ev sahibliyi etdi, beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin aparıcı iştirakçılarından oldu və s. 2010-cu il yayında dünya dini liderlərinin Bakı görüşünü, 2010-cu il mayın 20-də Bakıda UNESKO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sının təqdimatını misal göstərmək olar.

Nəhayət, bu cinayət öz hədəfinə çatmadı. İtkilərimiz olsa da, Azərbaycan cəmiyyəti bu ağrını birliyi sayəsində yaşadı. Çıxarılacaq nəticələr də az deyil. Bir daha sübut olundu ki, dövlətin təhlükəsizliyi hər bir vətəndaşın borcudur. Azərbaycanın dostu və düşməninin dəyişmədiyi bu hadisə ilə təkrar təsdiqləndi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi