ABŞ-ın Türkiyə ilə bağlı son addımları - Ağ Ev Ankaraya təzyiqi artırır - ŞƏRH

ABŞ-ın Türkiyə ilə bağlı son addımları - Ağ Ev Ankaraya təzyiqi artırır - ŞƏRH ABŞ Türkiyədən nə istəyir?
Analitika
7 Mart , 2019 15:10
ABŞ-ın Türkiyə ilə bağlı son addımları - Ağ Ev Ankaraya təzyiqi artırır - ŞƏRH

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ İraqa və Suriyaya girəndən sonra Türkiyə ilə münasibətlərində gərginlik gah artıb, gah da azalıb. Belə vəziyyətin yaranmasının başlıca səbəblərindən biri maraqların toqquşması sayılır. Belə ehtimal edilir ki, Ağ Evdə Türkiyəyə münasibət birmənalı deyil. Bəzi məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərin daha yaxşı olmasına çalışdığı halda, Dövlət Departamenti və Ağ Evdə buna qarşı çıxanlar var. Hətta münasibətlərdəki gərginlik də bu üzdən yaranır. 

Bəs ABŞ Türkiyədən nə istəyir? Türkiyənin ABŞ-dan umduğu nədir? Birmənalı şəkildə demək olar ki, rəsmi Vaşinqton bütün hallarda rəsmi Ankaranı yanında görmək istəyir. Onun Rusiya və İranla əməkdaşlığı, əlaqələri ABŞ-ın ürəyincə deyil. Türkiyə isə ABŞ-dan Suriya və İraqda terrorçu PKK qruplaşması və onun qollarını dəstəkləməməsini istəyir. Bu həftə Ağ Evin indiki yiyəsi, Prezident Donald Tramp Türkiyəni bəzi məhsulların ABŞ-a rüsumsuz girişinə imkan yaradan və inkişaf etməkdə olan ölkələrə tətbiq edilən Ümumiləşdirilmiş Əlavə Üstünlüklər Sistemi (GSP) Proqramından çıxarmaq istədiyini bildirib. Tramp 1974-cü ildə qəbul olunmuş Ticarət qanununun 502 (2) (2)-ci maddəsinə istinad edərək Konqresə müraciətində yazır: “Türkiyəni inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan Ümumiləşdirilmiş Əlavə Üstünlüklər Sistemi (GSP) Proqramından çıxarmaq niyyətimi sizə bildirirəm”. O, Türkiyənin iqtisadi vəziyyətini nəzərə alaraq bu addımı atdığını vurğulayıb. Məlumata görə, 1974-cü ildə qüvvəyə minən bu proqramlarda Türkiyənin də olduğu 131 inkişaf etməkdə olan ölkəyə ümumi 3 474 adda məhsulun ABŞ bazarına gömrük rüsumu ödənilmədən daxil olmaq imkanını təmin edirdi. Qeyd edək ki, bu qərar Türkiyə mallarının ABŞ-a ixracına mənfi təsir göstərə bilər. 

Deməli, başqa bir təzyiq cəhdi isə Türkiyənin Rusiyadan 2019-cu ilin yayında tədarük edəcəyi "S-400" zenit-raket kompleksi ilə bağlıdır. ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Robert Palladino bildirib ki, rəsmi Ankara Rusiyanın "S-400"nü əldə edəcəyi halda, Vaşinqton Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər. Onun sözlərinə görə, ABŞ-ın "S-400" sistemi üzrə Türkiyə-Rusiya müqaviləsinə mövqeyi dəyişməyib: “Bu sistemin Rusiyadan Türkiyənin təşəbbüsü ilə alınması Vaşinqtonda ciddi narahatlıq doğurub”. R.Palladino xatırladıb ki, ABŞ Türkiyə ilə raket hücumundan müdafiə sistemi üzrə sıx təmasdadır: “Türkiyə tərəfi “Patriot” zenit raket kompleksinə yiyələnməyi təklif etmişik. Rusiyanın Türkiyəyə "S-400" tədarükü Ankaranın “F-35” qırıcılarının 5-ci nəslinin proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan başqa, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək”. Dövlət Departamentinin təmsilçisi qeyd edib ki, “S-400”ü silah arsenalına daxil edən ölkələrə “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (“Countering America's Adversaries Through Sanctions Act”) qanunu tətbiq ediləcək. Qeyd edək ki, Türkiyə 2017-ci ilin dekabrında Rusiya ilə 2,5 milyard dollarlıq “S-400”ə dair müqavilə imzalayıb. 

Yeri gəlmişkən, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəhs etdiyimiz bu məsələlərə münasibət bildirib. O deyib ki, bu müqavilə ilə bağlı məsələ bitib və ondan bəhs etməyə ehtiyac qalmayıb: “Kimsə bizdən "tüpürdüyümüzü yalayacağımız"ı gözləməsin. Biz onların adət etdikləri liderlərdən deyilik. Biz onlardan “Patriot”u ABŞ Prezidenti Barak Obamanın dövründə istəmişdik. Həll edə bilmədilər. Donald Trampla da bu məsələni danışmışıq. Ötən 17 ayda yeni heç nə alınmayıb. O bildirdi ki, şərtlər uyğun olsa, ortaq istehsal edə biləcəyiksə, onda sizinlə anlaşa bilərik. Ruslarla anlaşmışıq. Bəlkə “S-400”dən sonra “S-500” də aldıq. Bizə “S-400”lə bağlı təzyiq edənlər bu davranışı “S-300” alan Yunanıstan, Bolqarıstan, Slovakiyaya niyə göstərmir? Bunlar da NATO-nun üzvləridir”. Türkiyə Prezidenti ABŞ-ın terrorçu PKK/YPG-PYD qruplaşmasına 23 min TIR silah-sursat, hərbi texnika və avtomobil verdiyinə işarə edərək bunların Türkiyəyə qarşı istifadə ediləcəyini xüsusi olaraq vurğulayıb. Rəcəb Tayyib Ərdoğan ABŞ-dan bu silahları terrorçulardan toplamasını istəyib. O, Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarına da münasibət bildirib: “Türkiyə ABŞ-ın bu qərarı ilə əlaqədar olaraq hərtərəfli addımlar atacaq. Biz artıq buna vərdiş etmişik. Qoy heç kim bizi bu şəkildə tərbiyə etməsin”.

Türkiyə KİV-in yaydığı məlumata əsasən, ABŞ Yaxın Şərqdəki ərəb müttəfiqləri vasitəsilə də Türkiyəyə təzyiqlər edir. Bildirilib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Misir kimi ölkələrin Türkiyəyə qarşı fəaliyyətlərini davam etdirməsi istənilsə də, Suriyadakı Bəşşar Əsəd rejimi ilə yaxınlaşma qadağan olunub. “Washington Post”un yazdığına görə, Ağ Ev ərəb dövlətlərindən terrorçu PKK/YPG-PYD-yə dəstək verməsini tələb edib: “YPG Suriyada Əsədə və İrana qarşı ən güclü müttəfiqimizdir. Onlara dəstək verin”. ABŞ-ın bu addımları Türkiyə tərəfindən sərt qarşılanıb. Vəziyyəti yumşaltmaq üçün amerikalı yüksək vəzifəli bir dövlət məmuru bildirib ki, Donald Tramp özünü Rəcəb Tayyib Ərdoğana çox yaxın bilir, ona dərin hörməti var: “Türkiyə ilə əlaqələrimiz çox böyük əhəmiyyət veririk. Müttəfiqliyimizin 60 ili geridə qalıb. Bu ortaqlıq qarşılıqlı imkanlardan yaranıb”. Həmin məmur Türkiyə ilə ABŞ arasında problem yaradan bəzi məsələləri də vurğulayıb. Onun sözlərinə görə, İran, Suriya və “S-400” məsələsi müzakirə edilməsi vacib məsələlərdəndir. O, ABŞ-Türkiyə əlaqələrinin daha əhəmiyyətli hala gələcəyini gözlədiklərini də vurğulayıb.

Əslində, ABŞ rəsmilərinin açıqlamaları və atacağı addımlara əsasən Ağ Evin Türkiyəyə qarşı gözlənilməz sanksiyalar tətbiqinə hazırlaşdığını ehtimal etmək olar. Yaxud rəsmi Vaşinqton tətbiq edəcəyi sanksiyaların konturları barədə rəsmi Ankaraya işarə vurur. Ağ Ev bunu açıq şəkildə edə bilmir. Çünki NATO-da müttəfiqdir. Alyans daxilində müttəfiqin müttəfiqə sanksiya tətbiqi həm də təşkilatın etibarına və nüfuzuna xələl gətirəcəyindən ABŞ bu addımı Türkiyəni tərifləyərək etmək niyyətindədir. Türkiyə iqisadiyyatının inkişafı və s. bu kimi arqumentləri əsas göstərən Donald Tramp Türkiyəni yuxarıda bəhs etdiymiz proqramdan çıxarmaq niyyətindədir. Görünür, Türkiyəyə qarşı mübarizə aparan, onu dağıtmaq istəyən terrorçu PKK/YPG-PYD qruplaşmasına “Dur!” demək ABŞ-a guya çətindir. Ona görə də Ağ Ev terrorçulara deyil, rəsmi Ankaraya təzyiqlər etməyə üstünlük verir. Türkiyəyə qarşı bu mövqe Donald Trampın çaşdırıcı addımlarından ola bilərmi? “The Washington Post” nəşri yazıb ki, ABŞ Prezidenti orta hesabla gündə 22 dəfə yalan və ya çaşdırıcı fikirlər söyləyir. Qəzet bildirib ki, D.Tramp ABŞ Prezidenti kürsüsündə keçirdiyi 773 gün ərzində 9 mindən artıq şübhəli fikir söyləyib. Yoxsa Türkiyəyə qarşı son çıxışlar da bu çaşdırıcı addımlardandır. Çünki qeyd etdiyimiz məlumatlardan sonra yüksək vəzifəli ABŞ rəsmisinin dedikləri belə ehtimalı irəli sürməyə əsas verir. 

Son xəbərlər

Orphus sistemi