Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp nəhayət dövlət katibi vəzifəsinə namizədin adını açıqladı. Bu postda təmsil olunacaq şəxsin kimliyi dünya dövlətləri üçün az əhəmiyyət kəsb etmir. Çünki ABŞ-la xarici dövlətlər arasında, belə demək mümkünsə, əsas əlaqələndirici fiqur məhz dövlət katibidir. O, həm də ölkəsinin xarici siyasət kursunun həyata keçirilməsinə başçılıq edir.
Bu və başqa bu kimi səbəblərdən dövlət katibi az qala ABŞ-ın vitse-prezident postundan daha əhəmiyyətli görünür.
Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri postuna azı 10 nəfərin adı çəkilirdi. Onların arasında daha çox Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Mitt Romninin adı hallanırdı.
Bunun üçün əsaslar da az deyildi. 2012-ci ildə Mitt Romni ABŞ prezidentliyinə namizəd olanda Donald Tramp onu dəstəkləyib. Lakin o, seçkidə indiki prezident Barak Obamaya məğlub olmuşdu.
2015-2016-cı illərdə seçkiqabağı təblğat kampaniyasında Romni ilə Tramp bir-birinin ünvanına tənqidi fikirlər söyləyirdilər. Keçmiş namizəd onu “dələduz” və “fırıldaqçı” adlandırırdı.
Ancaq seçkidən sonra keçmiş namizəd qalib milyarderi qələbəsi münasibətilə təbrik edərək bildirmişdi: “Tramp sizi daha yaxşı gələcəyə aparacaq adamdır”.
Bundan başqa, ABŞ-ın indiki dövlət katibi Con Kerrinin timsalında bu posta prezidentliyə keçmiş namizədin təyin edilməsi ənənəsi də var. C.Kerri 2004-cü ildə keçirilən prezident seçkisində Demokratlar Partiyasından namizəd olub. Onda Kerri Respublikaçılar Partiyasının namizədi kiçik Corc Buşa uduzmuşdu.
Suriya və Ukrayna məsələsinə görə ABŞ-ın Rusiyaya münasibəti məlumdur. Hətta Ukraynadakı vəziyyət və Krımın ilhaqı ilə bağlı Vaşinqton Moskvaya iqtisadi sanksiyalar da tətbiq edib. Bu baxımdan ABŞ-ın Rusiyaya qarşı siyasətinin daha da sərtləşəcəyi ehtimalı qalmaqdadır. Ona görə də bu siyasəti həyata keçirə biləcək ən yaxşı namizəd M.Romni hesab olunurdu. O, Rusiyaya qarşı sərt mövqedən çıxış edir. M.Romni Rusiyanı ABŞ-ın "geopolitik düşməni" adlandırıb: “Rusiya və ya prezident Vladimir Putinə sadəlövhcəsinə yanaşa bilmərəm”.
Ancaq ABŞ-da prezident seçkisinin nəticəsi gözlənilməz olduğu kimi, dövlət katibi postuna namizəd də sürpriz sayıla bilər. D.Tramp bütün gözləntilərə baxmayaraq, M.Romnini deyil, ABŞ-ın ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonun dölət katibi postuna namizədliyini irəli sürüb.
M.Romni ilə bağlı başqa bir xəbər yayıldı. Məlumata görə, D.Tramp onun qardaşı oğlu Ronnu Romni Makdenielin Respublikaçılar Partiyasının sədrliyinə namizədliyini dəstəkləyə bilər.
ABŞ tarixində ilk dəfədir siyasi-diplomatik təhsili olmayan bir şəxs ABŞ dövlət katibi olacaq. Bu baxımdan “ExxonMobil” neft-qaz şirkəti haqda bəzi məlumatları diqqətinizə çatdıraq:
İlk olaraq “Standart Oil” adlanan bu şirkətin əsası 1890-cı ildə Con Rokfeller tərəfindən qoyulub. Onun baş ofisi ABŞ-ın Texas ştatının İrvinq şəhərində yerləşir.
2013-cü il yanvarın 28-nə olan məlumata görə, “Exxon Mobil Corporation”un 417,2 milyard dollar həcmində kapitalı var. Neft və təbii qaz hasilatı və kəşfiyyatı ilə məşğul olur, neft məhsulları istehsal edir. Ötən il 16,2 milyard dollar xalis gəliri olub. 2015-ci ilin məlumatına əsasən, şirkətdə 75,3 min nəfər işləyir.
“Imperial Oil”, “Esso Australia”, “Aera Energy”, “XTO Energy”, “ExxonMobil Chemical” və “ExxonMobil Research and Engineering” adlı törəmələri fəaliyyət göstərir.
Bu şirkət dünyanın “Yeddi bacı” (“British Petroleum”, “Exxon”, “Gulf Oil”, “Mobil”, “Royal Dutch Shell”, “Chevron” və “Texaco”) neft şirkətlərindən biridir. 1980-ci illərə kimi onlar dünyanın neft ehtiyatlarının 85 faizinə nəzarət edirdi. Bu şirkətlər həm də dünyada baş verən siyasi proseslərə güclü təsir etmək imkanına malik olanlardan sayılırdı.
R.Tillersonun namizədliyi ABŞ-Rusiya münasibətləri fonunda mübahisəli olduğu qədər, həm də tərəflər arasında münasibətlərin normallaşacağı ehtimalı baxımından təsəlliverici də sayıla bilər.
Ötən gün ABŞ-ın CBS telekanalı onun Rusiya ilə münasibətlərinə dair bir sıra məqamlar haqqında material yayıb.
R.Tillerson 1975-ci ildən bu şirkətdə işləyir. O, 1998-ci ilin yanvarında “ExxonMobil” şirkətinin vitse-prezidenti olub. On 14 ildir şirkətin prezidentdir.
- "ExxonMobil" Rusiyada "Saxalin-1" layihəsində iştirak edir. Bu layihədə onun 30 faiz, Yaponiyanın “Sodeco”, Rusiyanın “Rosneft”i və Hindistanın “ONGC” şirkətlərinin hər birinin 20 faiz payı var.
- “ExxonMobil” Rusiyada, Saxalin şelfində “Çayvo”, “Odoptu” və “Arkutun-Daqi” qaz yataqlarında fəaliyyət göstərir.
- R.Tillerson Rusiya prezidenti Vladimir Putinlə 2003-cü ildə Sankt-Peterburqda keçirilən “Qlobal enerji” forumunda görüşüb. Onlar 2005-ci ilin sentyabrında isə Vaşinqtonda bir araya gəliblər. 2012-ci ilin iyununda Putinlə Tillerson Tuapsedə görüşüblər. R.Tillerson Peterburqda beynəlxalq iqtisadi forumda bu il də daxil olmaqla dəfələrlə iştirak edib.
- 2013-cü ildə isə Rusiya prezidenti onu “Dostluq” ordeni ilə təltif edib.
- "ExxonMobil” ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ən çox əziyyət çəkən şirkətdir. Şirkət Rusiyada 9 layihəsinin dayandırıb.
- ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın müşaviri Kellienn Kouey bildirib ki, Tillersonla Putin münasibətləri yerli barlardan birində yüz-yüz araq içməyə deyil, işgüzar maraqlara söykənir.
- ABŞ şirkəti “Saxalın-1”də əldə etdiyi gəlir vergisinin 35 faizdən 20 faizədək endirilməsini istəyir. Bununla da son 7 ildə ödədiyi 500 milyon dollarlıq vergini geri qaytarmağa səy göstərir.
Yeri gəlmişkən, Azərbaycanın "Azəri-Çıraq Günəşli" layihəsində "ExxonMobil" 8 faizlik paya malikdir.
D.Tramp isə dövlət katibi vəzifəsinə namizədi haqqında “Twitter” səhifəsində yazıb: “Reks Tillersonda ən çox xoşuma gələn cəhətlərdən biri xarici dövlətlərdəki bütün hakimiyyətlərlə dil tapa bilməsidir”.
Bu baxımdan onun ABŞ-ın yola getmədiyi Rusiyadakı hakimiyyətlə də dil tapacağı ehtimal edilir.
Trampın seçilməsinə Rusiyanın yardım etməsi haqqında yayılan məlumatlara inansaq, R.Tillersonun dövlət katibi vəzifəsinə namizəd kimi irəli sürülməsini Moskvaya güzəşt də saymaq olar.
Belə qənaətə gəlmək olar ki, Vaşinqtonun Moskvaya qarşı tutduğu sərt mövqeni iş adamı Reks Tillerson yumşaldacaq.
Keçmiş SSRİ ilə ABŞ arasında münasibətlərin yumşalmasında respublikaçı prezidentin rolu olub. Belə ki, 1945-ci ildən sonra (F.Ruzvelt 1945-ci ildə SSRİ-yə səfər etmiş ilk ABŞ prezidentidir) Sovet İttifaqına Riçard Milhauz Nikson xanımı ilə birlikdə 1972-ci ildə ilk dəfə rəsmi səfər edib. O, SSRİ-nin rəhbəri Leonid Brejnevlə “Strateji Silahların Məhdudlaşdırılması-1” müqaviləsini imzalamışdı. Bu “soyuq müharibə” dövründə iki dövlət arasında imzalanan ən mötəbər sənədlərdən sayılırdı.
Odur ki, ABŞ-da hakimiyyətə yenə respublikaçılar gəlib. Həm yeni prezident seçilən Trampın və onun dövlət katibi postuna namizədinin Rusiyaya münasibət elə sərt deyil. Həm onların hər ikisi iş adamıdır.
Bu isə perspektivdə Ağ evlə Kreml arasında münasibətlərdə iqtisadi maraqlara üstünlük veriləcəyini ehtimal etməyə əsas verir.
Seçkiqabağı təbliğat kampaniyasında Trampın şüarı belə olub: “ABŞ-ı yenidən daha güclü edək!”(“Make America great again!”). Bu şüarın həyata keçməsi üçünsə ABŞ-ın iqtisadi cəhətdən daha qüdrətli olması lazımdır.
Beləliklə, ABŞ-da Rusiyanın daha bir dostu hakimiyyətdə təmsil olunacaq. Qeyd edək ki, Donald Trampın prezident seçilməsində Rusiyanın rolu haqqında müxtəlif xəbərlər yayılır. Eyni zamanda bildirilir ki, Tramp Rusiyaya qarşı sanksiyaları aradan qaldırmağa söz verib. Trampın seçki qərargahı və rəsmi Moskva bunları təkzib edir.
Avropa İttifaqı ölkələrinin liderləri, Almaniyanın kensleri Angela Merkel və Fransa prezidenti Fransua Olland isə bildirib ki, Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılacaq.
Deməli, ABŞ hakimiyyətində Tramp və Tillerson kimi iş adamlarının təmsil olunmasını tərəflərin dil tapması, Vaşinqton-Moskva münasibətlərindəki mövcud problemlərin, dünyadakı münaqişələrin müzakirə və həll olunacağına töhfələr verəcəyi baxımından ümidverici saymaq olar. ABŞ-Rusiya münasibətlərinin normallaşması müəyyən mənada Avropa İttifaqının da xeyrinədir.
Görəsən, siyasətçi-diplomatların həll edə bilmədiyi problemləri iş adamları yoluna qoya biləcəkmi?! Bu suala isə yaxın 4 ayda aydınlıq gəlməyə başlayacaq.