Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb.
"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda brifinqdə deyib.
Onun sözlərinə görə, gələn il dövlətlərarası münasibətlərin 35 illiyi olacaq: "Bu gün Azərbaycan-Almaniya münasibətlərinin bütün aspektləri ətrafında geniş müzakirələr apardıq. Bizim münasibətlərimiz həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb. Mövcud dönəmdə də iki ölkə arasında ali və yüksəksəviyyəli görüşlər davam etdirilib".
Nazir bildirib ki, alman həmkarı ilə mütəmadi təmasdadır: "Həm telefonla, həm beynəlxalq platformalarda hər zaman iki ölkə arasındakı əlaqələrin inkişafı üçün təmasdayıq".
C.Bayramov əlavə edib ki, iki ölkə arasında siyasi məsləhətləşmələr və parlamentlərarası əlaqələr də mövcuddur. Bundan başqa, iki ölkə arasında müqavilə-hüquq bazası var. Bu günə qədər 80 müxtəlif sənəd, saziş imzalanıb, 10 sənəd üzrə hazırda işlər aparılır.
Onun sözlərinə görə, Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib, 210-u aktiv fəaliyyət göstərir.
"Almaniyadan Azərbaycana 950 milyon, Azərbaycandan Almaniyaya 670 milyon dollar məbləğində investisiya yatırılıb. Maraqlı məqam odur ki, bu yatırım daha çox qeyri-neft sektoruna edilib", - nazir vurğulayıb.
Nazir deyib ki, yaxın zamanlarda iki ölkə arasında növbəti biznes şurası keçiriləcək.