Cənubi Qafqazda davamlı sülh Avropanın təhlükəsizliyinin və sabitliyinin təmin olunmasına töhfə verəcək, eləcə də Almaniya Azərbaycan və Ermənistanı etibarlı tərəfdaşlar kimi dəstəkləməyə davam edəcək.
"Report" Almaniyanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin başçısı Yohan Vadeful Azərbaycana və Ermənistana qarşıdakı səfərini şərh edərkən bildirib.
"Cənubi Qafqaz dönüş mərhələsindədir. Onun qarşısında onilliklər boyu davam edən müharibəni geridə qoymaq üçün tarixi imkan açılır", - nazir qeyd edib.
Onun sözlərinə görə, Bakı və İrəvan arasında sülh vaxtilə əlçatmaz görünürdü, lakin bu gün istifadə edilməsi zəruri olan real imkana çevrilib:
"Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın nümayiş etdirdikləri cəsarət və məsuliyyət davamlı sülhə yol aça bilər. Ötən il sülh sazişinin paraflanması bu yolda mühüm mərhələ olub. İndi bu yolla qətiyyətlə hərəkət etmək son dərəcə vacibdir".
XİN başçısı həmçinin vurğulayıb ki, Almaniya Azərbaycanı və Ermənistanı etibarlı tərəfdaşlar kimi dəstəkləyir:
"Ötən il Almaniya Ermənistan və Azərbaycanla münasibətlərini yeni strateji əsasda qurdu. İndi biz hər iki ölkə ilə birgə razılaşdırılmış strateji gündəliyi praktiki layihələr vasitəsilə həyata keçirmək niyyətindəyik. Cənubi Qafqaz regionu Avropa və Asiya arasında tarixi kəsişmə nöqtəsidir. Bu rol ticarət, enerji tərəfdaşlığı və yeni nəqliyyat əlaqələri üçün böyük potensial açmaqda davam edir. Davamlı sülh və açıq sərhədlər təkcə region xalqlarına deyil, həm də bütün Avropa qonşuluğumuzun təhlükəsizliyinə və sabitliyinə fayda gətirəcək".