Ankarada Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun xatirəsinə həsr olunan beynəlxalq simpozium keçirilib.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, tədbir Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) ilə Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə TADİV-in Şuşa Konqres Salonunda təşkil olunub.
"Şuşa - Kərkük - Ankara – Şərqin öncül qadınları: Sürəyya Ağaoğlunun izində, keçmişdən gələcəyə" adlı I Beynəlxalq Simpoziumda Azərbaycan, Türkiyə və İraqdan olan ictimai-siyasi xadimlər, alimlər və qadın hüquqları müdafiəçiləri iştirak ediblər.
Simpoziumda Sürəyya Ağaoğlunun qadınların hüquq sahəsində təmsilçiliyinin genişlənməsində göstərdiyi xidmətlər, mübarizə yolu və irsinin müasir nəsillər üçün əhəmiyyəti müzakirə olunub.
Tədbirin "Üç qədim coğrafiyadan üç öncül qadın səsi" adlı panelində Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İraq Baş nazirinin qadın məsələləri üzrə müşaviri Ala Talabani və Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişilərin Bərabər İmkanları Komissiyasının sədri, AK Parti Sakarya millət vəkili Çiğdem Ərdoğan çıxış ediblər.
Digər paneldə professor Şule Şafika Erçetin, vəkil Sema Aksoy, Betül Akman və Sanem Arıkan Sürəyya Ağaoğlunun irsini və Şərq qadınlarının ictimai həyatda öncül rolunu müzakirə ediblər.
Simpozium çərçivəsində TADİV-in sədri, professor Aygün Attarın müəllifi olduğu "Ədalətin qadın səsi: Sürəyya Ağaoğlu" adlı bioqrafik romanın təqdimatı keçirilib. Əsərdə Ağaoğlunun həyatı, hüquq sahəsindəki mübarizəsi və qadınların ictimai həyatda mövqeyinin möhkəmlənməsinə verdiyi töhfələr əks olunub.
Qeyd edək ki, Sürəyya Ağaoğlu Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, hüquqşünas və Atatürkün yaxın silahdaşlarından biri olmuş Əhməd bəy Ağaoğlunun qızıdır. Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin qurulmasından sonrakı dövrdə də ictimai-siyasi fəaliyyətini davam etdirib, Atatürk dövründə parlamentdə təmsil olunub və ölkənin siyasi həyatında mühüm vəzifələr daşıyıb. Sürəyya Ağaoğlu isə atasının ictimai-siyasi irsinin davam etdiyi mühitdə qadınların hüquq və azadlıqları uğrunda mübarizəsi ilə Türkiyə tarixində özünəməxsus yer tutub.
Proqram çərçivəsində Sürəyya Ağaoğlunun həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilib, "Qarabağ - Kərkük - Ankara nəğmələri" adlı mini-konsert təşkil olunub.