Tbilisinin Milli Nəbatat Bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar Panteonunda tarixi şəxsiyyətlərin məzarları qarşısında QR kodlar quraşdırılıb. Kodlar vasitəsilə ziyarətçilər Azərbaycanın görkəmli dövlət, elm, ədəbiyyat və mədəniyyət xadimlərinin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında məlumat əldə edə bilirlər.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, layihənin reallaşdırılması üçün zəruri icazələrin alınması və sənədləşmə işlərini "Maarif" təşkilatının direktoru Aygül İsayeva həyata keçirib. "Rəqəmsal yaddaş - mədəni körpü" layihəsi çərçivəsində həyata keçirilən işlərin bir qismi artıq başa çatıb. Panteonda yerləşdirilən QR kodları mobil telefon vasitəsilə skan etməklə tarixi şəxsiyyətlər haqqında hazırlanmış məlumatlarla tanış olmaq mümkündür.
Layihənin təşəbbüskarı A.İsayevanın sözlərinə görə, layihə çərçivəsində ümumilikdə yeddi tarixi məkan üçün QR-kod lövhələri hazırlanıb. Onlardan dördü Tbilisi Milli Nəbatat Bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar Panteonundakı tarixi şəxsiyyətlərin məzarları qarşısında quraşdırılıb. Digər lövhələr isə Nərimanov Muzeyi, Bülbül və digər məkanlarda yerləşdirilib.
Onun sözlərinə görə, layihəni hazırlayarkən tarixi şəxsiyyətlərin heykəllərinin fotolarını çəkib, QR-kod lövhələrinin ilkin görünüşünü "Canva" proqramında tərtib edib. Lövhələrdə yerləşdiriləcək mətnlər isə Azərbaycan, gürcü və ingilis dillərində hazırlanıb.
"Rəqəmsal yaddaş - mədəni körpü" layihəsi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilib. QR-kod lövhələrinin hazırlanması və quraşdırılması ilə bağlı texniki xərclər də Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən qarşılanıb.
A.İsayevanın sözlərinə görə, hazırda yalnız Ümummilli Lider Heydər Əliyevin Tbilisi və Rustavidə yerləşən abidələri ilə bağlı QR-kod lövhələrinin quraşdırılması qalıb. Bu məkanlar üçün də müvafiq icazələr alınıb və lövhələrin yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulur.
Panteonda QR-kodların yerləşdirilməsi tarixi şəxsiyyətlər haqqında məlumatların ziyarətçilərə birbaşa məzarların önündə təqdim edilməsinə imkan yaradır. Beləliklə, tarixi irsin qorunması ilə yanaşı, onun müasir texnologiyalar vasitəsilə tanıdılması üçün də yeni imkan yaradılıb.
Tbilisinin Milli Nəbatat Bağında yerləşən panteon Azərbaycan xalqının ictimai-siyasi, elmi və mədəni tarixində mühüm yer tutan şəxsiyyətlərin xatirəsini yaşadır. Vaxtilə köhnə müsəlman qəbiristanlığının yerləşdiyi bu ərazidə Azərbaycanın tanınmış dövlət xadimləri, mütəfəkkirləri və ədibləri dəfn olunublar.