IDEA ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüş keçirib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, görüş zamanı IDEA İctimai Birliyi ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bu xüsusda azərbaycanlı gənclərin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində beynəlxalq təcrübə qazanmaları üçün yeni imkanların yaradılması məsələsinə toxunulub.

Eyni zamanda, məktəblərdə ekoloji təhsilin təşviqi, yaşıllaşdırma, tullantıların çeşidlənməsi, suya qənaət və enerji səmərəliliyi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə gənclərin iştirakı ilə ölkədə beynəlxalq ekoloji yay düşərgələrinin təşkili və biomüxtəlifliyin mühafizəsi sahəsində birgə maarifləndirmə layihələrinin icrası imkanları da nəzərdən keçirilib.

Bununla yanaşı, gənclərin ekoloji innovasiyalar sahəsində fəaliyyətinin dəstəklənməsi, hava çirklənməsi, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə innovativ həllərin hazırlanmasına yönəlmiş birgə fəaliytətlərin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Digər xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib 14 noyabr, 2026 / 18:44