Azərbaycanla Pakistan ekologiyanın və biomüxtəlifliyin qorunması istiqamətində əməkdaşlığı genişləndirməlidir.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Antalyada keçirilən COP31 çərçivəsində qurulan Pakistan pavilyonunda bu ölkənin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası Nazirliyinin əlavə katibi Amir Mohyuddin deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi coğrafi sərhəd tanımayan və bütün dövlətlərə təsir göstərən qlobal problemdir:
"Bu səbəbdən iqlim dəyişikliyi ilə mübarizə bütün ölkələrin ortaq məsuliyyətidir. Temperaturun yüksəlməsi bütün ölkələr üçün ciddi təhlükə yaradır və hər bir dövlətin özünəməxsus ekosistemi var. Buna görə də ölkələr atmosferdəki istixana qazlarının təsirini azaltmaq üçün birgə fəaliyyət göstərməlidirlər. Eyni zamanda, emissiyaların azaldılması istiqamətində alternativ yollar araşdırılmalı, hər bir ölkədə insanların iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin nəticələri ilə mübarizə aparmaq imkanları gücləndirilməlidir".
Amir Mohyuddin həmçinin bildirib ki, Azərbaycan və Pakistan kimi qardaş ölkələr regionlarda insanların təhlükəsiz yaşayış və dolanışıq imkanlarının təmin edilməsi üçün müxtəlif sahələrdə birgə əməkdaşlığı genişləndirməlidirlər.