Pakistanın Azərbaycandakı səfiri Naxçıvanda əməkdaşlıq imkanlarını müzakirə edib

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddinin Naxçıvana səfəri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun diplomatla görüşündə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.

Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında mühüm strateji mövqeyi, regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəştlər, eləcə də gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Təhsil sahəsində əməkdaşlıq perspektivlərinə toxunularkən Naxçıvan Dövlət Universitetində iki minə yaxın əcnəbi tələbənin təhsil aldığı, onların arasında Pakistan vətəndaşlarının da olduğu bildirilib. Universitetin Pakistanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrinin genişləndirilməsinin qarşılıqlı fayda verəcəyi vurğulanıb.

Səfir Q.Mohiuddin Naxçıvan ilə Pakistanın Lahor şəhərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, əməkdaşlığın inkişafı baxımından hər iki şəhərin və regionun rəsmi nümayəndələrinin qarşılıqlı görüşlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan və Pakistan xalqlarının zəngin tarixi-mədəni irsə malik olduqlarını bildirən tərəflər mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı tanıtım və təbliğ imkanları barədə də fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib 14 noyabr, 2026 / 18:44