Azərbaycan və Pakistan bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələri dəstəkləyir, enerji və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirmək vacibdir.
Bu barədə “Report”a Qərbi Xəzər Universitetinin Regional Araşdırmalar İnstitutunun elmi işçisi Şeraz Mehmud bildirib.
Onun sözlərinə görə, Pakistan və Azərbaycan intensiv inkişaf edən və ikitərəfli münasibətləri fəal şəkildə möhkəmləndirən ölkələrdir.
"Hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcı təyyarələri alıb. İslamabad öz növbəsində Bakı ilə enerji əməkdaşlığının genişləndirilməsində maraqlıdır. Pakistan enerji çatışmazlığı ilə üzləşib və bu sahədə əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir", - o qeyd edib.
Azərbaycanın D-8 Təşkilatına qoşulmasını şərh edən ekspert belə əməkdaşlığın potensialını vurğulayıb: "Bu, iqtisadi inteqrasiya, texnoloji mübadilə və siyasi yaxınlaşma üçün yeni imkanlar açacaq".
Ş.Mehmud həmçinin Azərbaycanın Qarabağ bölgəsinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb: "Dünən biz Xankəndidə olduq. Bu əraziləri suveren Azərbaycanın ayrılmaz hissəsi kimi görməkdən məmnunuq. Ermənistan tərəfindən potensial təhdidləri nəzərə alaraq, Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirməyi davam etdirməlidir. Bunun üçün Pakistanla strateji əməkdaşlıq sabit və uzunmüddətli olaraq qalmalıdır".
Onun fikrincə, Azərbaycan-Pakistan əlaqələrinin inkişafı hər iki regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edəcək.