Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıdakı səfirliyinin açılmasını iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ adlandırıb.
"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, C.Bayramov səfirliyin rəsmi açılışı münasibətilə keçirilən qəbulda çıxış edib.
Nazir Azərbaycan və Estoniya arasındakı qədim tarixi əlaqələri xatırladıb və Bakı ilə Tallin arasındakı siyasi dialoqun hər iki ölkənin maraqlarına cavab verən konkret nəticələr verməsinin vacibliyini vurğulayıb.
C.Bayramovun sözlərinə görə, Azərbaycan və Estoniya ticarət və investisiyalar, nəqliyyat və logistika, energetika, təhsil və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirə, eləcə də humanitar mübadilələri fəallaşdıra bilərlər.
XİN rəhbəri həmçinin həm mövcud ikitərəfli mexanizmlər çərçivəsində, həm də çoxtərəfli platformalarda əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.