Özbəkistan mediasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və institusional inkişaf istiqamətində Azərbaycanın təcrübəsindən istifadə edir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türk Dünyası Arabulucular Birliyinin Özbəkistan üzrə sədri Foziljon Otoxonov Ankarada keçirilən Türk Dünyası Arabulucular (Mediasiya) Birliyinin II Şurasında deyib.
Onun sözlərinə görə, Özbəkistanda mediasiya sahəsində qanunvericiliyin hazırlanması və təkmilləşdirilməsində Azərbaycanın təcrübəsi nəzərə alınıb.
F.Otoxonov Azərbaycanda ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl keçirilən məlumatlandırma görüşlərinin mediasiya institutunun inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
O, Azərbaycanda fəaliyyət göstərən Mediasiya mərkəzlərinin iş prinsipinin də Özbəkistan üçün maraqlı təcrübə olduğunu qeyd edib. Bildirib ki, Özbəkistanda mediasiya fəaliyyəti əsasən vəkillik və notariat fəaliyyətlə birləşdirildiyi halda, Azərbaycanda sırf mediasiya xidmətləri göstərən ixtisaslaşmış qurumlar mövcuddur.
Nümayəndə Özbəkistanda mediasiya haqqında qanuna artıq müəyyən dəyişiklik və əlavələrin edildiyini, bu prosesdə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin təcrübəsindən istifadə edildiyini bildirib.
O, hazırda Azərbaycandakı Mediasiya Şurasına bənzər strukturun Özbəkistanda yaradılması istiqamətində də iş aparıldığını, bu təşəbbüsün yaxın bir-iki il ərzində reallaşdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
F.Otoxonov Azərbaycan və Özbəkistan mediatorları arasında təcrübə mübadiləsinin əhəmiyyətinə də toxunaraq bu cür əməkdaşlığın hər iki ölkədə mediasiya institutunun inkişafına xidmət etdiyini söyləyib.