Orta Dəhlizlə bağlı Almaniyanın Azərbaycanla maraqları və yanaşması üst-üstə düşür - RƏY

Orta Dəhlizlə bağlı Almaniyanın Azərbaycanla maraqları və yanaşması üst-üstə düşür.

Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

Ekspert hesab edir ki, Azərbaycan və Almaniya arasında ənənəvi əməkdaşlıqla yanaşı, yeni sahələrdə də əməkdaşıq edilə bilər:

“Onlardan biri bərpaolunan enerjidir. Bu sahədə Almaniyanın yüksək texnologiyaya əsaslanan şirkətləri var. Son illər Azərbaycanda bərpaolunan enerjiyə xüsusi diqqət yetirilir, bu istiqamətdə gücümüzün artırılması dövlət siyasətinə çevrilib. Yəni sözügedən sahədə iki ölkə arasında əlaqələri dərinləşdirə bilərik”.

Politoloq Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan səfərindən söz açaraq vurğulayıb ki, bu səfər münasibətlərə ciddi töhfə verəcək:

“1990-cı illərin əvvəllərindən formalaşan münasibətlər müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edib. Bu gün Almaniya Azərbaycanın vacib tərəfdaş dövlətinə çevrilib. Ölkəmizin Almaniya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bunların fonunda səfər əlaqələrə yeni təkan verəcək”.

M.Məmmədli qeyd edib ki, iki ölkə arasında əlaqələrdə ən vacib məqamlardan biri Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi dövründə hər zaman balanslı mövqe nümayiş etdirməsidir:

Mətin Məmmədli

“Almaniya digər bəzi aparıcı Avropa dövlətlərindən fərqli olaraq münaqişəyə daha obyektiv yanaşıb, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Almaniya Prezidentinin dünən Azərbaycan Prezidenti ilə mətbuat konfransında səsləndirdiyi fikirlərdən də aydın olur ki, Almaniya hazırda da o mövqeyinə sadiq qalır. Bu o deməkdir ki, Almaniya Cənubi Qafqazda formalaşmış geosiyasi reallıqları qəbul edir”.

Müsahibin sözlərinə görə, Frank-Valter Ştaynmayerin regiona səfəri rəsmi Berlinin sülh prosesinə dəstəyi kimi dəyərləndirilir:

“Almaniya çalışır ki, sülh prosesinə dəstək olsun. Ərazi bütövlüyü bizim üçün vacib məsələdir və Almaniyanın obyektiv mövqeyi regionda sülh prosesinə töhfə verə bilər. Bizim Almaniyadan da, digər böyük dövlətlərdən də əsas gözləntimiz regionda baş verən proseslərə, post-münaqişə problemlərinə ədalətli yanaşmalarıdır. Əgər iki ölkə arasında bu kimi vacib məsələlərdə anlaşma varsa, mövcud səfər ancaq münasibətlərin inkişafına təkan verə bilər”.

Ekspert son olaraq ticarət dövriyyəsinin artmasına münasibət bildirərək söyləyib ki, bu daim müşahidə edilib və cari ilin birinci rübündə də ticarət dövriyyəsinin üç dəfə artması çox ciddi rəqəmdir.

Xatırladaq ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış edib. Çıxışı zamanı o, Azərbaycanın coğrafi mövqeyinə xüsusi diqqət çəkərək bildirib ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər. Almaniyanın dövlət başçısı vurğulayıb ki, Azərbaycandan keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək.

Xəbər lenti