"Fransa Amerikaya gələndən sonra hər şeyi əlimizdən aldı".
"Report" xəbər verir ki, Müstəqil Martinik naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Fransa onların ruhunu da işğal edib: "Fransa Amerikaya gələndən sonra hər şeyi əlimizdən aldı. Onlar müstəmləkəçilikdən sadəcə öz maraqları üçün istifadə etdilər. Bizə mebel kimi davrandılar, bədənimiz bizə aid deyildi. Ona görə də Fransa müstəmləkəçiliyi müstəmləkə siyasətinin ən ağırıdır".
Çıxışçı qeyd edib ki, Fransa onların mədəni irsini də əllərindən alıb: "Bizim nəinki torpaqlarımızı, mədəniyyətimizi, insani keyfiyyətlərimizi də əlimizdən aldılar. İqtisadiyyatımıza ziyan vuruldu. Tətbiq etdikləri zəhərli maddələr nəticəsində əhalimizin 90 faizi zəhərləndi. Çox adamda xərçəng xəstəliyi yarandı. Fransa bu məsələ ilə bağlı həkimlərə danışmağa icazə vermir".
Qonaq çıxış üçün yaratdığı imkanlara görə Azərbaycana təşəkkür edib.