Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı İƏT-in Baş katibi vəzifəsinə seçilməyi münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Milli Məclisin sədri bu səfərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycanın İƏT-in fəaliyyətində mühüm rolu qeyd edilib, bununla yanaşı, həm Azərbaycan ərazilərinin işğalı dövründə, həm də münaqişədən sonrakı dövrdə İƏT-in ölkəmizə davamlı dəstəyinin, təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələrin və qərarların bu dəstəyi və həmrəyliyi əks etdirdiyi vurğulanıb.
Görüşdə spiker hazırda sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) cari ilin iyun ayında Bakıda keçirilmiş 20-ci sessiyasının və orada müzakirə olunmuş məsələlərin əhəmiyyətindən də danışıb. Milli Məclisin sədri İƏTPİ ilə İƏT arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Söhbət zamanı İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda uğurla təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Baş katib bildirib ki, Azərbaycan sülhü, sabitliyi necə qorumaqla bağlı bütün dünyaya nümunə göstərir.
Parlament diplomatiyasının əhəmiyyətindən danışan qonaq İƏT-in Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəklədiyini bildirib. O, qarşıdan gələn Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülmüş işləri yüksək qiymətləndirib.
Görüşdə İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkəmizlə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.