Fərid Şəfiyev: Azərbaycan Aİ ilə münasibətlərdə paradiqmanı dəyişməyə çalışır - Müsahibə

Azərbaycan Avropa siyasətçilərinin ölkəmizə yanaşmasını dəyişməyə çalışır. Məqsəd Avropa İttifaqının (Aİ) ölkəmizə yalnız Ermənistan-Azərbaycan sülh prosesi kontekstində deyil, həm də regionun siyasi və iqtisadi gündəmini müəyyən edən müstəqil regional aktor kimi baxmasını təmin etməkdir.

Bu barədə "Report"a müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Multikulturalizm Mərkəzinin (AIR Center) sədri Fərid Şəfiyev Brüsseldə keçirilən Azərbaycan və Aİ-nin analitik mərkəzlərinin birinci forumu çərçivəsində bildirib.

"Azərbaycan və Avropa İttifaqı: yeni perspektivlər" forumu "AIR Center" və "Egmont" Kral Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə Belçika Xarici İşlər Nazirliyinin tarixi binasında keçirilib. Tədbirdə Azərbaycandan və bir sıra Avropa ölkələrindən ekspertlər iştirak ediblər.

- Brüsseldə ilk dəfə olaraq Azərbaycan və Aİ-nin analitik mərkəzlərinin forumu baş tutub. Mərkəz onu təşkil edərkən qarşısına hansı vəzifəni qoymuşdu?

- Bu mühüm hadisədir, çünki ilk dəfədir ki, Azərbaycan və Aİ-nin analitik mərkəzləri Brüsseldə belə bir forum keçiriblər. Bizim tərəfdaşımız Belçikanın xarici siyasət mühiti ilə sıx əlaqədə fəaliyyət göstərən "Egmont" institutudur. Tədbirdə Azərbaycandan və müxtəlif Avropa ölkələrindən, o cümlədən İtaliya, İspaniya, Çexiya, İsveç, Şimali Makedoniya və Rumıniyadan olan ekspertlər iştirak edirlər.

Əsas məqsədimiz Azərbaycan və Aİ arasında ikitərəfli münasibətləri, eləcə də regional prosesləri müzakirə etməkdir. Bu il Avropa strukturlarının rəhbərləri, o cümlədən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ Şurasının sədri Antonio Koşta tərəfindən Bakıya yüksək səviyyəli səfərlər baş tutub. Bu onu göstərir ki, 2023-cü ildə münasibətlərdə baş vermiş böhrana baxmayaraq, əlaqələr inkişaf etməkdə davam edir.

Biz istəyirik ki, avropalı ekspertlər və siyasətçilər Azərbaycandakı vəziyyəti, onun mövqeyini və regiondakı rolunu daha yaxşı başa düşsünlər. Belə bir dialoq hər iki tərəf üçün əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verir.

- Avropalı siyasətçilərin yanaşmasını dəyişmək zərurətindən danışırsınız. Sizcə, onların Azərbaycan haqqında təsəvvüründə konkret olaraq nə dəyişməlidir?

- Biz formalaşmış paradiqmanı dəyişmək istəyirik. Uzun illərdir ki, Avropada Cənubi Qafqaz müzakirə olunarkən söhbət çox vaxt Ermənistana, onun maraq və problemlərinə, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin necə inkişaf edəcəyinə yönəlir.

Biz istəyirik ki, avropalı siyasətçilər də bilavasitə Azərbaycanla münasibətlərin necə inkişaf etdirilməsi və onun qarşısında duran vəzifələrin həllinə necə kömək göstərilməsi ilə bağlı suallar ətrafında düşünsünlər.

Azərbaycan - sadəcə region ölkələrindən biri deyil. Bu, regional siyasi və iqtisadi mühiti böyük ölçüdə formalaşdıran, Cənubi Qafqazın ən güclü dövlətidir. Azərbaycan öz maraqları və geniş regional proseslərdə əhəmiyyətli rolu olan orta güc dövlət olaraq nəzərdən keçirilməlidir.

Məhz bu fikri biz forumun avropalı iştirakçılarına çatdırmaq istəyirdik. Azərbaycan strateji cəhətdən əhəmiyyətli regionda mühüm ölkəyə çevrilib və onunla işləmək, münasibətləri inkişaf etdirmək, eləcə də Avropa siyasəti formalaşdırılarkən onun mövqeyini nəzərə almaq lazımdır.

- Forum çərçivəsində avropalı ekspertlərlə hansı praktiki məsələləri müzakirə etdiniz?

- Biz nəqliyyat əlaqələri, energetika və Azərbaycanın regionun digər ölkələri ilə münasibətləri daxil olmaqla, geniş mövzu dairəsinə toxunduq. Xüsusilə də Azərbaycanın İran və Rusiya ilə münasibətləri müzakirə olundu.

Bizim üçün müzakirələrin yalnız Ermənistan və Azərbaycan arasındakı sülh prosesi ilə məhdudlaşmaması vacibdir. Regional gündəlik xeyli genişdir və iqtisadi əməkdaşlıq, nəqliyyat marşrutları, energetika və təhlükəsizlik məsələlərini əhatə edir.

Hesab edirəm ki, bu formatı davam etdirmək lazımdır. Növbəti forum Bakıda, sonrakılar isə digər Avropa paytaxtlarında keçirilə bilər. Bu, daimi dialoqu qoruyub saxlamağa və ekspert icmaları arasında qarşılıqlı anlaşmanı dərinləşdirməyə imkan verəcək.

- Siz həmçinin sülh prosesinin müzakirəsinə yanaşmanı dəyişməyə çağırırsınız. Fikrinizcə, avropalı siyasətçilərin diqqət mərkəzində əsasən hansı məsələlər dayanmalıdır?

- Təxminən 30 il ərzində Avropadakı müzakirələrdə çox vaxt Ermənistanla Azərbaycan arasında nələrin baş verəcəyi məsələsi ön planda olub. Biz bu yanaşmanı dəyişmək və gündəliyi genişləndirmək istəyirik: Azərbaycanın ehtiyacları nələrdir və ölkənin məsələlərinin həllində ona necə kömək etmək olar.

Xüsusən, söhbət "Böyük Qayıdış" proqramından və mina problemindən gedir. Forumda bu məsələlərə də diqqət yetirildi.

Bununla yanaşı, Azərbaycanın problemlərinin həlli Ermənistanın üzləşdiyi bir sıra məsələlərin tənzimlənməsinə də kömək edə bilər. Sülh hər iki ölkənin maraqlarına cavab verir. Lakin bizim fikrimizcə, sülh prosesi təşəbbüsü Azərbaycandan gəlib və indi praktiki addımlar Ermənistan tərəfindən atılmalıdır.

- Forumda sülh prosesinin davam etdirilməsi naminə Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəkləməyə dair çağırışlar səslənirdi. Azərbaycan onun səylərini kifayət qədər dəstəkləyirmi?

- Bizim siyasətimiz konkret bir şəxs ətrafında qurulmur, biz sülhü dəstəkləyirik. Və sülh prosesi çərçivəsində praktiki addımlar atan hər kəsi dəstəkləməyə hazırıq. Bu, Nikol Paşinyan və ya başqa biri ola bilər.

Bizim üçün Ermənistanda rəhbərlik dəyişdikdən sonra belə təhlükə altına düşməyəcək uzunmüddətli sülhün təmin edilməsi vacibdir. Gələcəkdə əldə olunmuş razılaşmaların yenidən nəzərdən keçirilməsinə və ya sülh prosesinə zərbə vurulmasına imkan verməyəcək hüquqi şərait yaradılmalıdır.

Bu kontekstdə Ermənistanın konstitusiyası ilə bağlı məsələlər də həll olunmalıdır. Söhbət uzunmüddətli sülh və münasibətlərin normallaşması üçün möhkəm əsasın təmin edilməsi zərurətindən gedir.

- Forumda ayrıca müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri idi. Çıxış edən bir çox Qərb eksperti digər Avropa institutları ilə yanaşı, Avropa Parlamenti ilə də münasibətlərin qurulmasının vacibliyini vurğuladı. Belə bir yanaşma sizə nə dərəcədə rasional və praqmatik görünür?

- Müharibədən (İkinci Qarabağ müharibəsi - red.) sonra Avropa Parlamenti Azərbaycanla bağlı 17 qətnamə qəbul edib. Bu o deməkdir ki, orta hesabla hər üç-dörd aydan bir belə sənədlər qəbul edilirdi. Biz bu cür yanaşmanı tamamilə qeyri-adekvat hesab edirik.

Bəziləri iddia edirlər ki, Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır və Aİ-nin xarici siyasətini birbaşa müəyyənləşdirmir. Lakin bu, münasibətlərdəki mövcud problemləri aradan qaldırmır.

Eyni zamanda, burada (forumda - red.) eşitdiyimiz kimi, Avropa Parlamenti ilə əməkdaşlıqda çətinliklərlə yalnız Azərbaycan üzləşmir. Digər ölkələrin, o cümlədən Türkiyənin bu təsisatla fikir ayrılıqları var, lakin onlar əlaqələri kəsmir və qarşılıqlı fəaliyyət üçün imkanlar axtarmağa davam edirlər.

Brüsselə təkcə öz mövqeyimizi bildirmək üçün deyil, həm də Avropa tərəfini dinləmək üçün gəlmişik. Biz dialoqa hazırıq. Əgər yanaşma dəyişərsə, münasibətlərin bərpası imkanlarını nəzərdən keçirmək mümkün olacaq.

Lakin hazırda mən Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin yaxın vaxtlarda dəyişə biləcəyinə dair əlamətlər görmürəm.

- Forumun yekunları ilə bağlı avropalı siyasətçilərə çatdırmaq istədiyiniz əsas mesaj nədir?

- Biz avropalı siyasətçilərin təsəvvürünü və düşüncə tərzini dəyişməyə çalışırıq. Bununla belə, biz çox yaxşı başa düşürük ki, Azərbaycanın təhlükəsizliyinin və rifahının gələcəyi Ermənistanla sülhə bağlıdır. Lakin bizim Avropa və beynəlxalq ictimaiyyətlə münasibətlərimiz yalnız Ermənistan-Azərbaycan sülh prosesi ilə məhdudlaşmamalıdır.

Azərbaycanın öz maraqları, regional rolu və avropalı tərəfdaşlarla əməkdaşlıq etmək istədiyi bir çox sahə var. Məhz bu fikri biz belə görüşlər zamanı çatdırmağa çalışırıq.

Digər xəbərlər