Baş prokurorun köməkçisi: Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək

Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib.

O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumlarının rəhbərlərinin 3-cü yüksək səviyyəli görüşü keçirilib:

"Bu gün Bakıda 250-dən artıq iştirakçı toplaşıb. Onlardan 46-sı üzv və müşahidəçi dövləti, 8-i beynəlxalq təşkilatı təmsil edir. Bugünki görüşün əsas məqsədi korrupsiyaya qarşı mübarizədə birgə əməkdaşlıq, məlumat mübadiləsi və qabaqcıl təcrübələr mübadiləsini asanlaşdırmaq, eləcə də digər məsələlərdən ibarətdir".

O qeyd edib ki, bu tədbirin əsas nəticələrindən biri Azərbaycanın Baş Prokurorluğunun yekdilliklə büroya iki illik üzv seçilməsindən ibarət olub:

"Bu da imkan verəcək ki, partnyorlarımızın korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əməkdaşlığı daha da gücləndirək və cəmiyyətdən korrupsiyanı tamamilə məhv edək. Bu günki görüş həm üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında beynəlxalq əməkdaşlığı gücləndirəcək, həm də bizim korrupsiyaya qarşı birgə səylərimiz artırmağa töhfə verəcək".

Digər xəbərlər