Avropa İttifaqı (Aİ) və Azərbaycan arasındakı münasibətlər mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, prioritet olaraq qalmalıdır.
Bu barədə Brüsseldə "Azərbaycan və Avropa İttifaqı: yeni perspektivlər" forumunun kuluarlarında "Egmont" Beynəlxalq Münasibətlər İnstitutunun baş direktoru Bart Ovri "Report"un Avropa bürosuna müsahibəsində bildirib.
O qeyd edib ki, bu münasibətlərin inkişafı üçün isə rəsmi təmaslar çərçivəsindən kənarda da dialoqu genişləndirmək zəruridir: "Mürəkkəb geosiyasi vəziyyət o demək deyil ki, Aİ ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər prioritet olmamalı və onlarla məşğul olunmamalıdır".
B.Ovrinin sözlərinə görə, institut görüşün təşkilinə yardım edib, çünki Aİ və Azərbaycan münasibətlərinin müzakirəsinə qeyri-standart yanaşmalar təklif edəcək analitik mərkəzlərin cəlb edilməsini vacib hesab edir.
"Biz yaxşı bir müzakirə apardıq, onun gedişatında bu münasibətlərdəki bəzi problemləri nəzərdən keçirdik, eləcə də onları necə yaxşılaşdıra və qarşılıqlı fəaliyyəti necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik", - o bildirib.
"Egmont"un rəhbəri vurğulayıb ki, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi təkcə diplomatların deyil, həm də biznes və dövlət qurumları nümayəndələrinin qarşılıqlı fəaliyyətini tələb edir: "Avropalıların və azərbaycanlıların - diplomatların, biznes və bütövlükdə dövlət nümayəndələrinin - bir-biri ilə qarşılıqlı əlaqədə olması zəruridir. Münasibətlərin möhkəmləndirilməsi üzərində birlikdə işləmək mühüm vəzifədir".
O, həmçinin Brüsselin Belçikanın paytaxtı və Avropa institutlarının əsas mərkəzlərindən biri kimi əhəmiyyətinə diqqət çəkib ki, bu da şəhəri bu cür dialoq üçün münasib məkana çevirir.