Monteneqro Avropa İttifaqına üzvlük prosesində digər namizəd ölkələr arasında lider mövqeyini qoruyur.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Monteneqroda keçirilən Berlin Prosesi Liderlər sammitində çıxış edəb Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos danışıb.
O qeyd edib ki, Aİ-yə üzv olmaqda qətiyyət nümayiş etdirən bir ölkənin islahatlar yolunda necə irəlilədiyini görmək sevindirici haldır və qarşıdakı yaxın dövr ümumilikdə bütün Balkan regionu üçün həlledici olacaq:
"Monteneqro üçün həlledici məqam üzvlük danışıqlarının finiş xəttini keçməkdir. Eyni zamanda, Serbiya üçün gələn bazar günü keçiriləcək seçkilər, Albaniya üçün Avropaya inteqrasiya fəaliyyətində tempi qorumaq, Kosovo üçün isə beynəlxalq hüquqa və qanunun aliliyinə uyğun hərəkət etmək əsas prioritetlər sırasındadır".
M.Kosun çıxışında həmçinin region liderlərinin və bütöv inteqrasiya prosesinin təmsilçilərinin bu tədbir çərçivəsində bir araya gəlməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.