ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin səfəri çox mühüm bir səfər idi.
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə "France 24" telekanalının müxbirinə müsahibəsində deyib.
"Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik.
Bu Strateji Xartiya mətbuatda dərc olundu, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, rabitə, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb", - İlham Əliyev əlavə edib.