BMT rəsmisi: "ASAN xidmət" vətəndaşlara unikal xidmət göstərən nümunəvi modeldir

"ASAN xidmət" bu gün vahid pəncərə prinsipi əsasında vətəndaşlara unikal xidmət göstərən nümunəvi modeldir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin müavini və Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCWA) İcraçı katibi Rania A. Əl-Maşat "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq sammitdə deyib.

O, ölkələrin müxtəlif rəqəmsal xidmətləri bir-biri ilə bölüşmələrinin zəruriliyini vurğulayıb:

"Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə anlaşma memorandumu imzaladıq. Əminəm ki, bu sənəd "ASAN xidmət" modelini öyrənmək və rəqəmsal bilikləri bölüşmək üçün misilsiz fürsətdir".

R.Əl-Maşat müzakirə olunan sahələr üzrə əlaqələndirilmiş fəaliyyətin vacibliyini qeyd edib:

"Təkcə rəqəmsal sahədə deyil, kənd təsərrüfatı, səhiyyə, təhsil və digər mühüm sahələrdə də bilik və bacarıqlar ölkələr arasında bölüşülməlidir. Bu da rəsmilərin üzərinə düşən əhəmiyyətli məqamdır. Öhdəliklər nəticələrə çevrilməlidir və qurumlar arasında əlaqələndirilmə aparılmalıdır. Təbii ki, bunun üçün sərmayə və büdcə də ayrılmalıdır".

Digər xəbərlər