Adriana Alberti: Azərbaycanda "ASAN xidmət" mərkəzləri innovasiyaların uğurlu tətbiq nümunəsidir

Azərbaycanda "ASAN xidmət" mərkəzləri dövlət idarəçiliyi sistemində innovasiyaların uğurlu tətbiq nümunəsidir.

"Report" xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin İdarəetmə şöbəsinin rəhbəri Adriana Alberti Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" tədbirində bildirib.

Albertinin sözlərinə görə, yeni bir təşəbbüsə başlanılması hələ onun səmərəliliyini göstərmir. Nəticələr bu cür təşəbbüslərin insanların həyatını yaxşılaşdırma, ictimai etimadı gücləndirmə və dövlət institutlarının vətəndaşlar üçün əlçatanlıq səviyyəsinə görə qiymətləndirilməlidir.

Alberti vurğulayıb ki, rəqəmsal xidmətlərdən hər kəsin istifadə edə bilməsi üçün bütün vətəndaşların ehtiyaclarını hələ onların hazırlanması mərhələsində nəzərə almaq vacibdir. O, həmçinin çoxsəviyyəli dövlət idarəçiliyinin gücləndirilməsi, eləcə də milli və yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

"Gələcəyin çağırışlarına hazır olan dövlət idarəçiliyi öyrənməyi, uyğunlaşmağı və qarşıdan gələn dəyişikliklərə hazırlaşmağı bacaran institutların yaradılmasını nəzərdə tutur", - o deyib.

Albertinin fikrincə, sammit iştirakçılarının dövlət idarəçiliyini 2040-cı ildə necə gördüklərini və bu istiqamətdə artıq bu gün hansı konkret addımların atıla biləcəyini müəyyən etmələri vacibdir.

Digər xəbərlər