Alim Bayel: "Mərkəzi Asiyadan Azərbaycana gələn hər ikinci turist qazaxıstanlıdır"

Mərkəzi Asiyadan Azərbaycana səfər edən hər ikinci turist demək olar ki, qazaxıstanlıdır.

Bunu "Report"a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

Onun sözlərinə görə, hər iki istiqamətə turist axını xeyli artır: "Belə ki, 2023-cü ildə Qazaxıstandan Azərbaycana 60 minə yaxın insan gəlib və bu da 90 faizlik artım deməkdir".

Diplomat qeyd edib ki, ötən il Azərbaycana Qazaxıstan Prezidenti, Milli Məclisin sədri, Baş nazir, Konstitusiya və Ali Məhkəmə sədrləri, həmçinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri, Baş prokuror, prezidentin müşavirləri, xarici işlər, müdafiə, nəqliyyat, energetika, mədəniyyət və informasiya, fövqəladə hallar nazirləri səfər ediblər: "Təkcə bu səfərlər belə bizim əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verir. Çox az ölkə hərtərəfli dialoqun belə intensivliyini nümayiş etdirir", - deyə diplomat əlavə edib.

A.Bayel onu da vurğulayıb ki, bir çox dövlət və ictimai xadimlərimiz arasında dostluq, qeyri-rəsmi əlaqələr də ikitərəfli əməkdaşlığın inkişafına kömək edir:

"Məsələn, Qazaxıstan və Azərbaycanın xarici işləri nazirləri müvafiq olaraq Murat Nurtleu və Ceyhun Bayramov arasında xüsusilə isti münasibətlər yaranıb. Bu arada 2023-cü ilin əlamətdar hadisəsi Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinin keçirilməsi olub. Bu tədbir Qazaxıstan incəsənət xadimlərinin möhtəşəm qala-konserti ilə başa çatıb. Mədəniyyət Günləri azərbaycanlıları Qazaxıstan mədəniyyətinə daha da yaxından tanıtmağa imkan verib".

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Digər xəbərlər