BMT rəsmisi: Uşaqların rəqəmsal dünyada təhlükəsiz iştirakı təmin olunmalıdır

Uşaqların rəqəmsal dünyada təhlükəsiz iştirakının təmin olunması vacibdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransdakı çıxışında deyib.

O qeyd edib ki, uşaqlar bunu tədqiq edir, dünyanı bununla öyrənirlər:

"Rəqəmsal texnologiyalar bütün imkanları ilə bərabər, valideynlərin görə bilmədikləri alqoritmlərlə əlaqəli riskləri də özü ilə gətirir. Zorakılıq, bullinq, cinsi istismar və sair təhlükələrin rəqəmsal texnologiyalar vasitəsilə yayılması çox realdır".

V.Andreyeva vurğulayıb ki, heç bir dövlət bu problemləri təkbaşına həll edə bilməz:

"Çünki rəqəmsal ekosistem transmilli xarakterlidir. BMT bu istiqamətdə fəaliyyətini gücləndirib. Üzv ölkələrə rəqəmsal mühitdə təhlükəsizliyi təmin etmək üçün xüsusi yardımlar edilir. Uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsi haqqında xüsusi təlimatlar hazırlanıb".

BMT rəsmisinin fikrincə, onlayn təhlükəsizlik, uşaqların həssaslığının müdafiəsi ilə yanaşı, siyasi və institusional dəstək də vacibdir:

"BMT bu baxımdan Azərbaycana dəstək göstərir. Bu sahədə beynəlxalq əməkdaşlıq vacib olduğundan, burada BMT əsas rola malikdir. Bu müzakirələrin aparılması üçün bütün ölkələri eyni masa arxasında bir araya gətirmək önəmlidir. Uşaqların müdafiəsi onların məhdudlaşdırılması mənasına gəlməməlidir. BMT üzv dövlətlərdə usaqların rəqəmsal mühitdə müdafiəsinə dair hüquqi çərçivənin hazırlanmasına dəstək verməyə hazırdır. Rəqəmsal gələcəyin uğuru yalnız innovasiya ilə ölçülməyəcək. Amma hər bir uşağın rəqəmsal dünyada təhlükəsiz iştirakının təmin olunması vacibdir".

Digər xəbərlər