Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər

Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisasli həkimləri Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz tibbi aksiya keçiriblər.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Naxçıvana gələn Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisasli həkimləri əvvəlcə səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovla görüşüblər.

Türkiyəli həkimlər qardaş ölkənin Naxçıvan Muxtar Respublikasında olduqlarından məmnunluqlarını bildirib və əlaqələri daha da genişləndirəcəklərini, Naxçıvan sakinlərinin sağlamlıqlarına daha yaxından xidmət edəcəklərini bildiriblər.

Sonra türkiyəli həkimlər müxtəlif istiqamətlər üzrə müayinə və müalicəyə başlayıblar.

Aksiyada uşaq neonatoloqu, orqan nəqli cərrahı, uroloq, neyrocərrah, travmatoloq, ortoped və uşaq ortopedik cərrahından ibarət 6 yüksəkixtisaslı həkim heyəti iştirak edib. Gün ərzində müayinə üçün 300 nəfərə yaxın sakin qeydiyyata alınıb.

Qeyd edək ki, tibbi aksiyanın qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər