Bu il TƏBİB tabeli tibb müəssisələrində yeni şöbələr fəaliyyətə başlayıb.
"Report" xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Xəzər Tibb Mərkəzinə təşkil edilən mediatur zamanı məlumat verib.
Onun sözlərinə görə, bu il Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası, Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbələri fəaliyyətə başlayıb.
Z.Ədilova bildirib ki, Klinik Tibbi Mərkəzdə və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Oftalmoloji əməliyyatlar, Sabirabad, Qobustan, Astara rayon mərkəzi xəstəxanalarında və Pirallahı Tibb Mərkəzində avastin inyeksiyasının, Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında damar cərrahiyyəsi əməliyyatlarının icrasına başlanılıb.
TƏBİB rəsmisi həmçinin əlavə edib ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb:
"Habelə Klinik Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt Tibb Mərkəzində endoprotez, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO cihazı ilə korreksiyası və intraoluyar linzanın implantasiyası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası əməliyyatlarının icrasına başlanılıb".