"Vahid Neytral Gürcüstan" təşkilatı hesab edir ki, ölkənin xarici siyasət strategiyası, ilk növbədə, milli maraqların, suverenliyin, təhlükəsizliyin və iqtisadi inkişafın qorunmasına əsaslanmalıdır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
Bəyanat Avropa İttifaqında (Aİ) yeni üzv dövlətlər üçün 10 illik sınaq müddəti və müəyyən hallarda onların səsvermə hüquqlarının dayandırılması ilə bağlı müzakirələr fonunda yayılıb.
"Vahid Neytral Gürcüstan" bu təşəbbüsün Gürcüstanın Avropa inteqrasiyası ilə bağlı gələcək seçimlərinin və xarici siyasət prioritetlərinin yenidən müzakirəsini zəruri etdiyini bildirir.
Bəyanatda Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsində öz milli maraqlarını nəzərə almasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Gürcüstan hökuməti ölkənin Aİ-yə ləyaqətlə qoşulmalı olduğunu dəfələrlə bəyan edib və bu yanaşma dövlətin suveren qərarlar qəbul etmək, milli kimliyini, vətəndaşların rifahını və təhlükəsizliyini qorumaq imkanlarını nəzərdə tutur.
Təşkilata görə, Avropa İttifaqına üzvlük prosesi ilə bağlı yeni şərtlər, o cümlədən namizəd ölkələr üçün mümkün sınaq müddəti və səsvermə hüquqlarının məhdudlaşdırılması təşəbbüsləri Gürcüstanın gələcək xarici siyasət prioritetlərinin müzakirəsini zəruri edir.
Bəyanatda Gürcüstanın xarici siyasətinin gələcəyi, milli maraqları və daimi neytrallıq modeli ilə bağlı geniş ictimai-siyasi müzakirənin aparılmasına çağırış edilib.