Rusiya ABŞ ilə texnoloji sövdələşmədə Böyük Britaniyanı əvəz edə biləcəyini açıqlayıb

Rusiya sonda böyük texnoloji sövdələşmədə Böyük Britaniyanı ABŞ-nin tərəfdaşı kimi əvəz edə bilər.

"Report"un məlumatına görə, bu fikri Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ola bilsin ki, sonda Rusiya ABŞ ilə böyük texnoloji sövdələşmədə Böyük Britaniyanı əvəz etsin. Böyük Britaniya uydurma problemləri deyil, real problemləri həll etməyi öyrənməlidir", - deyə o yazıb. Dmitriyev həmçinin "Financial Times" qəzetinin ticarət sövdələşməsinə görə ABŞ-nin Britaniya ilə texnoloji razılaşmanı dayandırması barədə manşetinin fotosunu paylaşıb.

Bundan əvvəl "Financial Times" Britaniya rəsmilərinə istinadən məlumat yaymışdı ki, Vaşinqtonun Londonla ticarət danışıqlarının gedişindən artan narazılığı fonunda ABŞ Böyük Britaniya ilə texnoloji sazişin fəaliyyətini dayandırıb. Sentyabrda bağlanan "texnoloji rifah" haqqında müqavilə süni intellekt, kvant hesablamaları və nüvə energetikası sahələrində iki ölkə arasında əməkdaşlığı stimullaşdırmağa yönəlib.

Texnoloji razılaşma Amerikanın "Microsoft", "Nvidia", "Google" və "OpenAI" şirkətləri tərəfindən Britaniya iqtisadiyyatına 31 milyard funt sterlinq (təxminən 42 milyard dollar) məbləğində investisiya qoyuluşunu nəzərdə tuturdu. Gözlənilirdi ki, sövdələşmə nəticəsində 2026-cı ilin sonuna qədər 120 min "Nvidia" qrafik prosessoru alındıqdan sonra Böyük Britaniyada Avropanın ən böyük belə klasteri yaranacaq. "Microsoft" isə dörd il ərzində süni intellekt texnologiyaları ilə bağlı infrastruktura, o cümlədən ölkənin 23 min çip əsaslı ən böyük superkompüterinin yaradılmasına 30 milyard dollar sərmayə qoymağı planlaşdırırdı.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının məlumatına görə, Moskva Rusiyanın aparıcı innovasiya klasteri kimi müvafiq reytinqdə 48-ci yeri tutur.

Digər xəbərlər

İran Kiprə nota verib 17 dekabr, 2025 / 10:23