Qazaxıstanı vitse-prezident idarə edə bilər

Qazaxıstanda prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halında ölkəni vitse-prezident idarə edəcək.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Yerlan Sarsembayev Konstitusiya islahatları komissiyasının ikinci iclasında bildirib.

Prezidentin vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra yeddi gün ərzində parlament prezident seçkilərinin keçirilməsini elan edir. Seçkilər parlamentin qərar qəbul etdiyi gündən etibarən iki ay ərzində keçirilir.

O, konstitusiyanın yeni redaksiyasında prezidentin Qurultayın (birpalatalı parlament) razılığı ilə vitse-prezidenti və baş naziri vəzifəyə təyin etməsinin təsbit edilməsini təklif edib. Bundan başqa, prezident Konstitusiya Məhkəməsinin on hakimini, Mərkəzi Seçki Komissiyasının altı üzvünü və Ali Audit Palatasının səkkiz üzvünü də təyin edəcək.

Bununla yanaşı, prezident qeyd olunan vəzifələrə təyinatla bağlı təkrar rədd cavabı alarsa, qurultayı buraxmaq hüququna malik olacaq.

"Bu konstruksiya preventiv funksiya daşıyır, siyasi qüvvələri kompromis axtarmağa və məsuliyyətli davranmağa təşviq edir. Ümumiyyətlə, təklif olunan model dövlət başçısının təşəbbüskar rolu ilə deputat korpusunun həlledici səsinin vəhdəti əsasında prezident və Qurultay arasında balans yaradır", - Y.Sarsembayev bildirib.

Daha əvvəl bildirilmişdi ki, vitse-prezident nümayəndəlik orqanının üzvü ola, digər ödənişli vəzifələr tuta, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və siyasi partiyaların üzvü ola bilməz.

Ədliyyə naziri qeyd edib ki, təklif olunan yanaşma dövlət başçısı tərəfindən yalnız Kurultayın razılığı ilə təyinatların aparılmasını nəzərdə tutur ki, bu da dövlət sisteminin səmərəliliyini artırır.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03