Pakistanlı nazir: Azərbaycanla yalnız hərbi deyil, bütün sahələrdə birgə fəaliyyət həyata keçirməliyik

Azərbaycanla əməkdaşlığımız yalnız hərbi sahə ilə məhdudlaşmamalıdır, xalqlarımız arasında birbaşa əlaqələr istiqamətində də birgə fəaliyyət həyata keçirməliyik.

Bunu Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib.

Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Birinci Müsəlman Diaspor Forumunda iştirak edən nazir deyib ki, bu beynəlxalq tədbirdə dünyanın 57 müsəlman ölkəsindən 48-nin iştirak etməsi ilkin mərhələdə çox yaxşı göstəricidir: "Türkiyənin təşəbbüsü ilə keçirilən ilk beynəlxalq tədbir çox təqdirəlayiqdir. Həqiqətən mühüm ehtiyac duyulan bir iş həyata keçirilib. Demək olar ki, bütün müsəlman ölkələrinin böyük diasporları var, lakin heç kimin bu ideya üzərində düşünmədiyi görünür. Növbəti addım isə bir-birimizlə daha sıx əməkdaşlıq etmək olmalıdır. Məsələn, hansısa ölkənin işçi qüvvəsinə ehtiyacı varsa, digər müsəlman ölkəsi ona kömək və dəstək göstərə bilər. Diaspora fəaliyyətimizin birliyi daimi və əbədi olsun".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşündən razılığını ifadə edən nazir deyib ki, Pakistan Azərbaycanla bütün sahələrdə həmrəydir: "Açığı, görüşdən əvvəl Azərbaycanla əməkdaşlıq edə biləcəyimiz bu qədər çox sahənin olduğunu təsəvvür belə edə bilməzdim. Bir-birimizlə çoxlu ideyalar bölüşdük-diasporlarımızın bir-birinə necə kömək və dəstək göstərə biləcəyi, eyni zamanda, dünyanın digər ölkələrində diasporlarımızın mövcudluğunu və fəaliyyətini necə gücləndirə biləcəyimiz barədə fikir mübadiləsi apardıq.

Fuad Muradov məni ilin sonunda Azərbaycana səfərə dəvət edib. Diaspor sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə edə bilərik. Bakıda əməkdaşlıq haqqında Memorandum imzalayacağıq. Bu memorandum bizə daha geniş şəkildə əməkdaşlıq etmək imkanı verəcək".

Pakistanın Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu vurğulayan pakistanlı nazir iki ölkə arasında əlaqələrin hər keçən gün daha da doğmalaşdığını qeyd edib: "Azərbaycanın qələbəsi, ədalətin qələbəsidir, buna ürəkdən sevinirik. Pakistan həm regional, həm də beynəlxalq müstəvidə hər zaman Azərbaycanın yanında olub və olacaq".

Digər xəbərlər