Bakı. 5 noyabr. REPORT.AZ/ Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazasının hərbçisi Dimitri Yalpayevi qətlə yetirməkdə təqsirli bilinən Arman Cancügəzyan 22 il həbs cəzasına məhkum edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şirak Vilayət Ümumi Məhkəməsi qərar çıxarıb.
Bildirilir ki, A.Cancügəzyan İŞİD tərəfdarları kimi özlərini təqdim edən naməlum şəxslərin yardımı ilə rusiyalı hərbçini bir neçə bıçaq xəsarəti ilə öldürüb. Məhkəmə onu adam öldürməyə görə 20 il, qanunsuz soyuq silah gəzdirməyə görə 2 il azadlıqdan məhrum edib.
Xatırladaq ki, Gümrüdə MDB birləşmiş hava müdafiə sistemi çərçivəsində fəaliyyət göstərən Rusiyanın 102 nömrəli hərbi bazasının fəaliyyət müddəti iki ölkə arasında 20 avqust 2010-cu il tarixli sazişlə 2044-cü ilədək uzadılıb.