Ermənistan İstintaq Komitəsi Gümrü merinin müavini Avetis Arakelyanın saxlanması barədə xəbəri təsdiqləyib.
"Report"un "Sputnik Armeniya"ya istinadən verdiyi xəbərə görə, Ermənistanın İstintaq Komitəsinin məlumatında bildirilib ki, kütləvi iğtişaşlarla bağlı iş çərçivəsində Gümrünün meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan və merin müavini Avetis Arakelyan saxlanılıb.
"Gümrüdəki kütləvi iğtişaşlarla bağlı başlanan cinayət işi çərçivəsində aparılan ilkin təhqiqatın gedişində dörd nəfər barəsində cinayət işi açılıb, onlardan ikisi həbs olunub", - məlumatda qeyd edilib.
Nəşrin yazdığına əsasən, S.Qukasyan və A.Arakelyan saxlanılsalar da, həbs edilməyiblər. Sözügedən iş çərçivəsində həbs olunanlar şəhərin Kommunal İdarəsinin rəisi Artyom Mkrtçyan və deputat Karapet Qukasyandır.