2026-cı ildə "Ermənistan Elektrik Şəbəkələri" QSC öz infrastrukturuna 44,2 milyard dram (təxminən 115 milyon dollar) yatıracaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ictimai xidmətlərin tənzimlənməsi komissiyasının iclasında "Ermənistan Elektrik Şəbəkələri"nin müvəqqəti dövlət idarəçisi Romanos Petrosyan bildirib.
Bu həcm müəssisənin 2024–2034-cü illər üçün əvvəllər təsdiq edilmiş investisiya proqramında nəzərdə tutulub.
Onun sözlərinə görə, şirkət bu büdcəni bütün istiqamətlər üzrə bölüşdürüb – xüsusilə də elektrik kəsintiləri ən çox baş verən yerlər üçün.
"Tikinti mövsümünün başlanğıcına qədər planlaşdırılan bütün obyektlərdə işlərə start verilməsi üçün yanvarın ilk günlərindən etibarən təmir işləri üzrə müsabiqələr elan edəcəyik", – deyə R.Petrosyan bildirib.
2016-cı ildən "Ermənistan Elektrik Şəbəkələri" sahibkar Samvel Karapetyanın yaratdığı "Taşir" şirkətlər qrupuna məxsusdur.
Xatırladaq ki, S.Karapetyan hakimiyyəti ələ keçirməyə çağırışlar etməkdə, hakimiyyət və ya xidməti səlahiyyətlərdən istifadə etməklə böyük miqdarda pulların yuyulmasında ittiham olunur.