İsveçrə Özbəkistana sabiq prezidentin qızının 252,5 milyon dollarlıq qanunsuz aktivlərini qaytaracaq

İsveçrə və Özbəkistan sabiq prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın ölkədə qanunsuz yolla əldə edilmiş aktivlərinin növbəti partiyasının qaytarılması haqqında sazişi təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Sazişə əsasən, Özbəkistana 252,5 milyon dollar qaytarılacaq. Bu vəsait əhalinin rifahının yüksəldilməsi və insan kapitalının inkişafının dəstəklənməsi üçün "İşonç" fondu ("Özbəkistanın Baxışı 2030" Fondu) vasitəsilə yönəldiləcək.

Fondun Resursların Bölüşdürülməsi Strategiyasının birinci mərhələsi çərçivəsində səhiyyə və təhsil sektorlarına 87 milyon dollar ayrılıb. Bu resurslar ana və uşaq sağlamlığının yaxşılaşdırılması, perinatal yardımın gücləndirilməsi, təhsilin keyfiyyətinin artırılması, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müvafiq sektorlarda institusional potensialın artırılması təşəbbüslərinin dəstəklənməsinə yönəldilib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Özbəkistan Ədliyyə Nazirliyi və İsveçrə hakimiyyəti Kərimovanın 131 milyon dollar dəyərində aktivlərinin respublikaya qaytarılması barədə yekun saziş imzalayıblar.

Digər xəbərlər