Belçikanın üç əsas həmkarlar ittifaqı - "Ümumi Əmək Federasiyası", Xristian Həmkarlar İttifaqları Konfederasiyası və "Synova" noyabrın 23-də Brüsseldə irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Onlar federal hökumətin xərclərin azaldılması tədbirlərinə və alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı çıxırlar.
Həmkarlar ittifaqları həmçinin hesab edirlər ki, müxtəlif sektorlardakı yenidənqurma və iqtisadi qeyri-müəyyənlik xüsusən də sənaye sahəsində iş yerlərinin ixtisarına təsir göstərir. Onlar hakimiyyəti təhsil, innovasiya və s. sahələrə investisiyaları artırmağa çağırırlar.
Qeyd edək ki, ötən həftə Brüssel polisi etiraz aksiyası zamanı baş qaldıran iğtişaşlarda 150 nəfəri saxlayıb. Saxlanılan şəxslərdən 118-i inzibati, 32-si isə məhkəmə qaydasında saxlanılıb. Məhkəmə qərarı ilə həbs edilənlər arasında 15 yetkinlik yaşına çatmayan şəxs olub.
Məhkəmə həbsləri polislərə əşyalar atmaq, həbsə müqavimət göstərmək və qəsdən yandırma kimi hüquqpozmalarla bağlı olub.