Bakı. 26 oktyabr. REPORT.AZ/ "2016-cı ilin aprel döyüşləri günlərində Qərbdəki erməni lobbisi öz ölkələrinin rəhbər zümrəsi ilə fəal şəkildə işləyərək, onlara Ermənistanın lehinə təhrif olunmuş məlumatlar çatdırırdı".
“Report” xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsindəki “Dezinteqrasiya aləti kimi inaormasiya müharibələri” mövzusundakı panel sessiyasındakı çıxışı zamanı Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini Dimitri Savelyev deyib.
O, həmin hadisələrin informasiya müharibəsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb: “Dünya mediası ilə hərtərəfli işləyirdilər. “Qarabağ hökuməti”nin nümayəndələri hər gün brifinq keçirir, Ermənistanın dövlət telekanalları pulsuz peyk rabitəsi ilə təmin edilirdilər, jurnalistlərin təmas xətti istisna olmaqla bölgədə sərbəst dolaşması üçün maşınlar ayrılmışdı. Bütün bunlarla ermənilər dünya ictimaiyyətində Ermənistana və Dağlıq Qarabağ separatçılarına rəğbət yaratmağa çalışırdılar”.
Deputatın sözlərinə görə, digər tərəfdən, Azərbaycanın Qərb mediası ilə ciddi işləməsi nəticəsində “bir çox nüfuzlu beynəlxalq KİV-dəki yazılarda hadisələr getdikcə daha adekvat şəkildə təqdim olunmağa başladı”.