Azərbaycanda onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunub.
"Report" xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə ƏliyevaMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
Ombudsman tənha və özünəqulluq imkanları məhdud yaşlılara evdə sosial xidmətlərin genişləndirilməsi, regionlarda səyyar və uzunmüddətli qulluq xidmətlərinin inkişafı üçün maliyyə vəsaitlərinin artırılmasını təklif edib.
S.Əliyeva, həmçinin regionlarda tibbi və sosial reabilitasiya infrastrukturunun gücləndirilməsini, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik vasitələr və müasir reabilitasiya avadanlıqları ilə vaxtında təmin olunmasını vacib sayıb.
Təkliflər arasında hemofiliya xəstələrinin dərman preparatları ilə fasiləsiz təminatı, onkoloji xəstələrin müasir müalicə üsullarına və innovativ dərmanlara çıxışının genişləndirilməsi, eləcə də regionlarda səhiyyə infrastrukturunun və kadr təminatının yaxşılaşdırılması da yer alıb.
Ombudsman süni intellekt əsaslı diaqnostika texnologiyalarının səhiyyədə tətbiqi, xəstəliklərin erkən aşkarlanması və ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyətinin artırılması üçün də büdcə vəsaitlərinin ayrılmasını təklif edib.
Bununla yanaşı, inklüziv təhsilin inkişafı, xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün uyğun şəraitin yaradılması, fərdi dəstək xidmətlərinin qurulması və ixtisaslı mütəxəssislərin cəlb edilməsi məsələlərinə diqqət çəkib.
S.Əliyeva uşaqların kibertəhlükələrdən qorunması, işçilərin rəqəmsal bacarıqlarının artırılması, həssas qruplar üçün dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi və ucqar yaşayış məntəqələrində sosial əhəmiyyətli sərnişindaşıma marşrutlarının dəstəklənməsinin də maliyyələşdirilməsini təklif edib.
O, həmçinin iqlim dəyişiklikləri və təbii fəlakətlərlə bağlı tədbirlərdə həssas qrupların ehtiyaclarının, o cümlədən əlçatan təxliyə, müvəqqəti sığınacaq və sosial yardım imkanlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.