Azərbaycanda gələn il səhiyyə xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci il üçün səhiyyə xərcləri 2084,1 milyon manat olmaqla 2026-cı illə müqayisədə 59,8 milyon manat və ya 3,0 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 808,8 milyon manat və ya 63,4 faiz çoxdur.

"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz təşkil edəcək. 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,2 faiz-bəndi, mütləq ifadədə isə 362 milyon manat və ya 21 faiz artıb.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 100 milyon manatı və ya 52,8 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 200 milyon manat və ya 22,2 faiz çoxdur.

Layihədə qeyd edilib ki, növbəti il üçün Səhiyyə Nazirliyinə 293,7 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 19,2 milyon manat və ya 7,0 faiz çoxdur. Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə 69,5 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 10,1 milyon manat, qanköçürmə üzrə tibbi xidmətlərin göstərilməsinə 2,6 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılması üçün 2,5 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 151,6 milyon manat və sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün 57,4 milyon manat vəsait yönəldiləcək.

Bildirilib ki, Xüsusi Tibb Xidməti üçün qanunvericiliklə müəyyən edilən şəxslərin tibbi təminatının göstərilməsi məqsədilə 24,9 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 6,1 milyon manat və ya 32,4 faiz çoxdur.

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzi üçün 64,3 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,6 milyon manat olmaqla, cəmi 65,9 milyon manat vəsait yönəldiləcəkdir.

Azərbaycanda əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8,6 milyon manat vəsait ayrılacaq.

Digər xəbərlər