Səbinə Əliyeva yenidən ombudsman seçilib - Yenilənib

Səbinə Əliyeva yenidən ombudsman seçilib.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisdə səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva 100, Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb. Qeyd edək ki, yeni ombudsmanın seçilməsi üçün parlamentdə 83 səs çoxluğu kifayət idi.

Daha sonra Səbinə Əliyeva ombudsman kimi and içib.

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsini müzakirə edir.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən ombudsman vəzifəsi üçün parlamentin müzakirəsinə Səbinə Yaşar qızı Əliyeva, Ceyhun Yasinali oğlu Qaracayev və Elşanə Rafiq qızı Vəliyevanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Digər xəbərlər