MM hüquqi şəxsin ləğvi zamanı prosedur qaydaları ilə əlaqədar dəyişiklikləri I oxunuşda qəbul edib

Hüquqi şəxsin ləğvi zamanı müvafiq elektron informasiya sistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi haqqında dəyişikliklər ilk oxunuşda qəbul edilib.

"Report" xəbər verir ki, bununla bağlı Mülki, Vergi Məcəllələrində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik layihəsi Milli Məclisin (MM) bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, hüquqi şəxs ləğv edildiyi üçün həmin hüquqi şəxsin adından elektron informasiya sistemində əməliyyatların aparılması mümkün olmur. Eyni hal fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldığı hallarda da baş verir. Beləliklə:

- hüquqi şəxslərin (o cümlədən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsi, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs) ləğvi və vergi uçotundan çıxarılması yalnız onların işçiləri ilə əmək müqaviləsinə xitam verildikdə mümkün hesab ediləcək;

- fiziki şəxs olan vergi ödəyicisinin vergi uçotundan çıxarılması da yalnız işçiləri ilə əmək müqaviləsinə xitam verildikdən sonra mümkün hesab ediləcək.

Qanun qüvvəyə minənədək qeyd olunan subyektlərlə (fiziki şəxs olan işəgötürənlər istisna olmaqla) işçi arasında elektron informasiya sistemində xitam verilməmiş əmək müqaviləsi işçinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılaraq qüvvədən düşmüş hesab ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Digər xəbərlər