Milli Məclis Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına əlavələri qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri də daxil edilir.
Sənədə əsasən, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik edilib və istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin həmin qanunla müəyyən edilmiş qaydada icbari sığorta olunması nəzərdə tutulub.
Eyni zamanda Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri də daxil edilib.
Həmin sənəddən irəli gələrək Əmək Məcəlləsinin 208-ci və 221-ci maddələrinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.