Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi növbəti qətnamə bir daha göstərir ki, bu qurum ölkəmizlə bağlı məsələlərdə obyektivlik və ədalət prinsiplərindən uzaq, qərəzli və siyasi sifarişlərə əsaslanan yanaşmanı davam etdirir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
"Sözügedən "sənəd" real vəziyyətin təhlilinə deyil, birtərəfli məlumatlara və əsassız ittihamlara söykənir", - MM üzvü bildirib.
Onun sözlərinə görə, "sənəddə" yer alan "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" kimi iddialar heç bir hüquqi və faktoloji əsaslara malik deyil:
"Bu kimi yanaşmalar Avropa Parlamentinin Azərbaycanla bağlı mövcud reallıqları görməzdən gəldiyini, yaxud qəsdən təhrif etdiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə vurğulanmalıdır ki, Avropa Parlamentinin bu cür "sənədlər" qəbul etməsi dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Azərbaycan müstəqil dövlətdir və öz daxili siyasətini, hüquq-mühafizə və məhkəmə sistemini Konstitusiya və milli qanunvericilik çərçivəsində həyata keçirir. Heç bir beynəlxalq qurumun siyasi təzyiq yolu ilə bu proseslərə müdaxilə etmək hüququ yoxdur".
Deputat bildirib ki, reallıq ondan ibarətdir ki, bu tip qətnamələr nə insan hüquqlarının müdafiəsinə, nə də demokratik institutların inkişafına xidmət edir:
"Əksinə, "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" adı altında qəbul edilən birtərəfli və qərəzli qərarlar konstruktiv dialoqa, qarşılıqlı etimada və bərabərhüquqlu tərəfdaşlığa ciddi zərbə vurur".
S.Salmanova vurğulayıb ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa daim açıq olub, müvafiq konvensiyalara qoşulmuş və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirib:
"Ölkəmiz beynəlxalq təşəbbüslərin fəal iştirakçısı kimi, bu sahədə islahatları milli maraqlar və cəmiyyətin inkişaf ehtiyacları əsasında həyata keçirir.
Təəssüf ki, Avropa Parlamenti bir sıra hallarda beynəlxalq hüququn prinsiplərinə və özünün bəyan etdiyi dəyərlərə uyğun mövqe sərgiləmək əvəzinə, açıq şəkildə siyasi konyunkturadan və selektiv yanaşmalardan çıxış edir. Azərbaycan dövlətlərin hüquqlarına və suverenliyinə açıq hörmətsizlik ifadə edən, qərəzli və əsassız iddialarla müşayiət olunan bu tip qərəzli qətnamələri qətiyyətlə rədd edir və hesab edir ki, təzyiq və ikili standartlara əsaslanan yanaşmalar beynəlxalq münasibətlərdə qəbuledilməzdir".